
Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Ermənistan və Azərbaycanı münaqişənin siyasi-diplomatik yolla həllinə çağırıb.
Rezonans.az xəbər verir ki, bu barədə Ukrayna XİN-in sözçüsü Oleq Nikolenko Azərbaycan-Ermənistan sərhədində baş vermiş hadisədən danışarkən deyib.
O, tərəfləri yaranmış gərginliyi diplomatik və siyasi yolla həll etməyə səsləyib.
“Biz tərəfləri münaqişənin beynəlxalq hüquq normalarına, xüsusən də beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətə riayət etməklə siyasi və diplomatik yolla həllinə çağırırıq. Rusiyanın vasitəçiliyi və Rusiya sülhməramlıların səyləri əhəmiyyətsizdir. Ukrayna sərhəddəki durumu diqqətlə izləyir. Biz tərəfləri beynəlxalq hüquq normalarına uyğun şəkildə gərginliyin siyasi-diplomatik yolla həllinə çağırırıq”, - XİN sözçüsü qeyd edib.
Xatırladaq ki, sentyabrın 13-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif hissələrində atəşkəsi davamlı olaraq pozub.