Meyitlərin çıxarılmasında vasitəçi olmağa hazırıq - BQXK

img

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) 13 sentyabr 2022-ci il tarixindən Ermənistanla Azərbaycan arasındakı dövlət sərhədindəki hərbi fəaliyyətdən və onun humanitar fəsadlarından narahatdır.

 

Bu barədə Rezonans.az-a BQXK-nin Azərbaycan nümayəndəliyindən bildirilib.

 

Qeyd edilib ki, hərbi fəaliyyət sərhədyanı ərazilərdə yaşayan insanların həyatlarına və təhlükəsizliyinə təsir göstərir və əsas infrastruktura çıxış imkanlarına maneə olur.

 

“Hərbi əməliyyatların aparılması zamanı beynəlxaq humanitar hüquq qaydalarına riayətin təmin edilməsi məqsədilə bütün ehtiyat tədbirləri həmişə həyata keçirilməlidir. Bu, Cenevrə Konvensiyalarını imzalamış tərəflərin öhdəliyidir”, - deyə BQXK-nın əməliyyatları üzrə direktoru Martin Şüp bildirib.

 

“Biz hərbi əməliyyatların eskalasiyasının təsirinə məruz qalmış şəxslərə yardım göstərmək öhdəliyimizi bir daha ifadə edirik. Biz, həmçinin saxlanılmış şəxslər olarsa, onlara başçəkmələr həyata keçirmək, tərəflərin razılığı və müraciəti əsasında onların qaytarılmasına şərait yaratmaq, hərbi əməliyyatlarda həlak olmuş şəxslərin axtarışı və meyitlərin toplanması kimi fəaliyyətlərdə neytral vasitəçi qismində çıxış etməyə hazırıq”.

 

BQXK tərəflərə mülki şəxsləri hərbi əməliyyatlarda iştirak edən şəxslərdən fərqləndirmək öhdəliyini xatırladır. Onlar həmçinin, mülki infrastrukturu, xüsusilə də, tibbi obyekt və heyəti fərqləndirmək üçün əlindən gələni etməlidir. BQXK həmçinin, hərbi əməliyyatların təsirinə məruz qalmış insanların təxirəsalınmaz ehtiyaclarını çevik şəkildə qarşılamaq məqsədilə yerlərdəki humanitar vəziyyəti qiymətləndirir.

Xəbəri paylaş: