
Yardımlı rayonunda iki bacının bir kişiyə ərə verilməsiə bağlı iddialar yayılıb.
Rezonans.az xəbər verir ki, bu barədə informasiyanı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova sosial şəbəkə hesabında ictimailəşdirib.
M.Zeynalovanın sözlərinə görə, 3 ildir ərilə boşanan qadının Alvana kənd məktəbinin direktoru (həm də bacısının əridir- red) ilə kəbini kəsilib:
"Yardımlı rayonundan qadın ayaqyalın Bakıya gəlib. Danışdıqları ilə isə biz ilk dəfədir qarşılaşırıq. Demək qadın 3 il evli olub, sonra ayrılıb və atasının evinə gəlib. Ata qızını bir müddət saxladıqdan sonra digər qızının evli olduğu şəxsə ərə vermək istəyib. Evləndirmək istədiyi şəxs isə Yardımlı rayon Alvana kənd məktəbinin direktoru vəsifəsində çalışır. Ata qızına bildirib ki, "bacın (məktəb direktoru ilə) evlidir ona yaxşı baxır, sənə də yaxşı baxacaq. İmkanı yaxşıdır sən də onunla evlənməlisən".
Məktəb direktoru qıza məcburi kəbin kəsdirib, qızın boynundakı kəlağayı ilə onu boğaraq evə gəlməsini tələb edib. Direktor "Səninlə kəbin üçün 40 manat vermişəm", qadını zorla evinə aparmaq istəyib. Bundan əlavə Yardımlı rayon polis şöbəsinin əməkdaşı, ataya və qadının qardaşına onun sığınacaqda olduğunu deyib. Qadını sığınacaqda tapa biləcəkləri barədə məlumatlar verib. Hazırda qadının atası, qardaşı qadının evə qayıtması üçün təyziqlər edirlər".
M.Zeynalova Binəqədi Rayon Polis İdarəsinə təşəkkür edib:
"Sağ olun ki, qadınla dərhal məşğul olub, ilkin qida və geyimlə təmin edib, sığınacağa gətirdiniz".
Hüquq müdafiəçisi Yardımlı polisindən, Ailə Qadın Uşaq Problemləri Üzrə Dövlət Komitəsindən, Elm və Təhsil Nazirliyindən və aidiyyatı qurumlardan bu məsələni araşdırmağı xahiş edib. O eyni zamanda bildirib ki, məktəb direktoru və qızın qardaşı deyilənləri təkzib edirlər. Onlar bildirir ki, sığınacağa gəlməyiblər, təzyiq etməyiblər və bu məlumatlar şər böhtandır".
Bundan sonra isə Mehriban Zeynalova direktorun sığınacağa gəldiyini əks etdirən görüntüləri paylaşıb:
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məsələnin nəzarətə götürüldüyü açıqlanıb. Bildirilib ki, hazırda Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.