Prokurorluq orqanları dövlətçilik maraqlarının qorunmasına, insan hüquq və azadlıqlarının müdafiəsinə xidmət edir

img

Azərbaycanın dövlət müstəqilliyinin bir əsrdə ikinci dəfə bərpa edilməsindən sonra başlıca hədəf hüquqi-demokratik dövləti formalaş­dırmaq idi. Qarşıya qoyulan ciddi vəzifələrdən biri isə qanunun aliliyini bərpa etmək idi. Təcili həyata keçirilən islahatlar prokurorluq orqanlarının qısa zamanda cəmiyyətdə öz layiqli yerini tutmasına şərait yaratdı və ulu öndər Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə 1 Oktyabr Prokurorluq İşçilərinin Peşə Bayramı Günü təsis edildi.


Prokurorluq orqanlarının məzmunca yenilənməsi və işinin müasir tələblərə uyğun qurulması isə Prezident İlham Əliyevin adı ilə bağlıdır. Artıq prokurorluq orqanları qarşısında yeni tələblər qoyulmuşdu. Quru­mun fəaliyyəti müasir tələblərə cavab verməli idi. Dövlət başçısı bu məqsədlə prokurorluğun fəaliyyətinin müasirləşdirilməsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncam imzaladı. Bundan sonra hüquq sistemində prokurorluğun rolu artdı, digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyəti təkmilləşdirildi. 2018-ci ildə dövlət başçısı İlham Əliyevin yenidən prezident seçilməsindən sonra bütün sahələrdə olduğu kimi, prokurorluqda da yeni islahatların aparılması zərurəti yarandı. Bununla prokurorluğun tarixində yeni təkmilləşmə və inkişaf, hərtərəfli müasirləşdirmə dövrünün əsası qoyuldu.


Müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunmaqla mərkəzləşdirilmiş informasiya-kommunika­siya sistemi yaradıldı, bü­tün istiqamətlər üzrə işin səmərəliliyinin və əməkdaşların peşəkarlığının artırılması, yeni nəsil prokurorluq işçilərinin yetişdirilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması üçün konkret tədbirləri özündə əks etdirən prioritet vəzifələr müəyyənləşdirildi.


Qarşıda duran bu və digər məqsədlərin həyata keçirilməsi baxımından 1999-cu il 7 dekabr tarixdə qəbul olunmuş “Prokuror­luq haqqında” Azərbaycan Res­publikasının Qanunu müstəsna əhəmiyyət daşıyır. Bu qanun prokurorluğun fəaliyyətinin forma və metodlarının demokratik dəyərlərə uyğunlaşdırılma­sı baxımından hüquqi zəmin formalaşdırmışdır. Hüquq sisteminin inkişafında prokuror­luğun rolunun gücləndirilməsi istiqamətində müntəzəm tədbirlər görülməklə, 2002-ci il sentyabrın 19-da qüvvəyə min­miş “Azərbaycan Respublikası­nın Konstitusiyasına dəyişikliklər edilməsi haqqında” Referendum aktına əsasən, prokurorluğa qanunvericilik təşəbbüsü hü­ququ verilməsi qurumun hüquq sistemindəki yerini və rolunu daha da gücləndirmişdir.


Bu gün ölkəmizdə həyata keçirilən ardıcıl məhkəmə-hüquq islahatları hüquq sisteminin demokratik standartlara cavab verən səviyyədə formalaşma­sına, insan hüquq və azadlıq­larının daha mötəbər formada qorunmasına, o cümlədən prokurorluq orqanlarının tam yeniləşərək müasir məzmunlu si­vil bir orqana çevrilməsinə zəmin yaratmışdır. Ulu öndərimizin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə prokurorluq or­qanlarının fəaliyyətinin daha da müasirləşdirilməsi və təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilmiş­dir. Ötən dövrdə hüquq siste­minin inkişafı prosesində pro­kurorluğun rolunun artırılması, cinayətkarlığa qarşı mübarizə və digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təşkili, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən istifadə edilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, habelə prokurorluq işçilərinin so­sial müdafiəsinin gücləndirilməsi və sahənin maddi-texniki təminatının yaxşılaşdırılması sahəsində ciddi uğurlar əldə edilmişdir.


Prokurorluq orqanlarında həyata keçirilən hüquqi isla­hatlar nəticəsində Azərbaycan Prokurorluğu milli maraqların və qanunun aliliyinin təmin olunmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edən müasir dövlət təsisatına çevrilmişdir. Əsas istiqamətlərdən biri də prokurorluqda işə qəbulla bağlı idi. Ədalətli və şəffaf prosedurlar əsasında müsabiqə yolu ilə qul­luğa qəbulun tətbiqi nəticəsində prokurorluq əməkdaşlarının gəncləşdirilməsinə nail olundu. Prokurorluq orqanlarına müasir dünyagörüşlü, bilikli və dövlətçilik ideyalarına sadiq gənc hüquqşünasların qəbulu prokurorluğun fəaliyyətinin təkmilləşdirilməsinə təkan vermişdir.


Prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və bu sahədə təminatın yaxşılaşdırılması istiqamətində də zəruri tədbirlərin görülməsi təmin olunur. Yeni inzibati binalar istifadəyə verilir və ya əsaslı təmir edilir.


Azərbaycan prokurorluq orqanlarından danışarkən cəmiyyətin şəffaflığında, eyni zamanda, hakimiyyət–vətəndaş münasibətlərinin daha sağlam müstəviyə daşınmasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinin fəaliyyətinin xüsusi yeri və rolu var. Azərbaycan Respublikası Prezidentinin 3 mart 2004-cü il tarixli sərəncamı ilə Baş prokuror yanında Korrupsiya­ya qarşı mübarizə idarəsinin yaradılması prokurorluğa möhtərəm Prezident İlham Əliyevin dövlət səviyyəsində inam və etimadı kimi qiymətləndirilməlidir. Bu qurum prokurorluğun strukturunun daha da təkmilləşdirilməsinə yönəldilmiş mühüm bir addım olmaqla, mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən olan kor­rupsiyaya qarşı mübarizənin gücləndirilməsində və işin daha səmərəli təşkil olunmasında əhəmiyyətli rol oynayır.


Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində parlaq qələbə qazanmış və işğal altında olan torpaqlarımızın azad edilməsi Azərbaycan Respublikası üçün olduqca böyük hədəflər açıb. Dövlətimizin möhkəmlənməsi ilə yanaşı, bizim hədəflərimiz daha da genişlənib. Türkiyə Respublikası ilə imzalanan Şuşa Bəyannaməsi, bununla yanaşı, Türkiyə və Pakistanla bərabər imzaladığımız Bakı Bəyannaməsi Azərbaycan dövlətinin nüfuz coğrafiyasını önəmli dərəcədə genişləndirib.


44 günlük Vətən müharibəsinin nəticələri pro­kurorluq orqanları qarşısında yeni tələblər qoyur. Qurum artıq öz fəaliyyətini işğaldan azad olunan ərazilərimizdə də qurur. Rayon (şəhər) prokurorluqları işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərir. Bu məqsədlə həmin rayonlarda bütün lazımi infrastruktur yaradılır və xidmətin aparılması üçün inzibati binalar istifadəyə verilir.

Bir sözlə, əsrdən artıq zəngin və şərəfli tarixi olan Azərbaycan Prokurorluğu bu gün öz fəaliyyətini cəmiyyətdə formalaşan yeni çağırışlara, çağdaş dövrün tələblərinə və beynəlxalq standartlara uyğun qurmaqla dövlətimizin qüdrətlənməsinə və xalqımızın rifahına xələl gətirə biləcək hallara qarşı barışmaz mövqe tutur. Bu orqan qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı kəsərli mübarizə aparıl­ması, vətəndaşların hüquqlarının etibarlı müdafiəsi işində öz xidmətlərini göstərir. Bu gün prokurorluq orqanları qanunların icra və tətbiq olun­masına prokuror nəzarətini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirilməklə, istintaq və dövlət ittihamının müdafiəsi sahəsindəki fəaliyyəti ilə dövlətin və cəmiyyətin qa­nunla qorunan mənafelərinin müdafiə edilməsində əhəmiyyətli rol oynayır.


Dövlətçilik ideyalarına sadiq olan prokurorluq işçiləri bundan sonra da öz fəaliyyətini Prezident İlham Əliyevin qarşıya qoyduğu müasir tələblər səviyyəsində quraraq bütün səylərini dövlət müstəqilliyinin əbədiləşdirilməsinə, ictimai-siyasi sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə, xalqımı­zın və dövlətimizin cinayətkar qəsdlərdən qorunmasına, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə yönəldəcək.


Azad QARAYEV,

Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri

Xəbəri paylaş: