Ombudsman Aparatının əməkdaşları itkin düşmüş soydaşlarımızın anım mərasimində iştirak ediblər

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları itkin düşmüş şəxslərin ailə üzvlərinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan Respublikasındakı Nümayəndəliyinin maliyyə dəstəyi ilə keçirdiyi anım mərasiminə qatılıblar.


Rezonans.az xəbər verir ki, mərasimdə BQXK-nın ölkəmizdəki nümayəndəliyinin əməkdaşları, itkin düşmüş şəxslərin ailələrinin, Qaradağ və Binəqədi rayon icra hakimiyyətlərinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak ediblər. 


Tədbirdə çıxış edən Ombudsman Aparatının əməkdaşı Ziba Məmmədova Ombudsman Səbinə Əliyevanın fəaliyyətə başladığı dövrdən bu günədək Ermənistanın Azərbaycana qarşı davam etmiş hərbi təcavüzü nəticəsində itkin düşmüş 4000 minə yaxın soydaşımızın taleyi ilə bağlı məsələni mütəmadi olaraq önə çəkdiyini, beynəlxalq qurumları itkin düşən soydaşlarımızla bağlı Ermənistan dövlətinin yaratdığı problemlərə diqqət  göstərməyə çağırdığını bildirib. 


Çıxış zamanı bu günlərdə Strasburqda səfərdə olmuş ölkə Ombudsmanının Avropa İnsan Hüquqları Məhkəməsinin sədri ilə görüşdə də itkin düşən soydaşlarımızla bağlı məsələləri, Ermənistanın insan hüquqları və beynəlxalq humanitar hüquq normalarını , “ailə həyatına hörmət” prinsipini kobudcasına pozmasına  görə məsuliyyət daşıdığını və bu öhdəliklərə əməl etməməsini  ifadə etdiyi diqqətə çatdırılıb.

Xəbəri paylaş: