Adil Əliyev şəhidlərin anım tədbirlərində iştirak edib

img

Milli Məclis sədrinin müavini Adil Əliyev oktyabrın 2-də Vətən müharibəsi şəhidləri Vüqar Babayevin, Elşad Həsənovun, Həsənağa Abdullazadənin və Oruc Vəliyevin anım mərasimlərində və şəhid Muxtar Qasımlının xatirəsinə həsr edilmiş idman zalının açılışında iştirak edib, şəhid Oruc Vəliyevin ailəsini ziyarət edib.


Rezonans.az xəbər verir ki, anım mərasimlərində Adil Əliyev və mərasim iştirakçıları II Fəxri Xiyabanda Vətən müharibəsi şəhidləri Vüqar Babayevin, mayor Elşad Həsənovun və baş leytenant Həsənağa Abdullazadənin məzarlarını ziyarət ediblər, qəbirləri üzərinə gül-çiçək dəstələri düzüblər, xatirələrini hörmətlə anıblar. Mərasim iştirakçıları şəhidlərimizin vətənpərvərliyindən, şanlı döyüş yolundan, göstərdikləri igidliklərdən söz açıblar.


Tədbirlərdə Adil Əliyev Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində şanlı Zəfərindən, bu Zəfərin əldə olunması üçün canlarını fəda etmiş şəhidlərin Vətən torpağının azadlığı uğrunda göstərdikləri şücaətlərindən danışıb, onların fədakarlıqları və qəhrəmanlıqları nəticəsində tarixi torpaqlarımızın düşmən işğalından azad edildiyini bildirib. Qeyd edib ki, bu gün şəhidlərimizin ruhları şaddır, çünki Şanlı üçrəngli bayrağımız Vətən göylərində qürurla dalğalanır, Azərbaycan Ordusu düşmənin istənilən hücumunun qarşısını almağa tam qadirdir. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə böyük abadlıq və quruculuq işləri aparılır, xalqımız öz doğma yurd-yuvalarına qovuşur.


Sonra Adil Əliyev Suraxanı rayon Qaraçuxur qəsəbəsində şəhid Muxtar Qasımlının xatirəsinə həsr edilmiş idman zalının açılışında iştirak edib. Tədbirdə vitse-spiker Azərbaycan gəncliyinin Vətən müharibəsində üzərinə düşən tarixi missiyanın öhdəsindən layiqincə gəldiyini qeyd edib, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinin, onların irsinin gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini vurğulayıb.


Daha sonra Abşeron rayonunun Fatmayi kəndində şəhid Oruc Vəliyevin ailəsini ziyarət edən vitse-spiker şəhid ailələrinin, qazilərin qayğılarının hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzində olduğunu qeyd edib, şəhid ailələrinə və qazilərə yüksək diqqət və ehtiramın hər kəsin borcu olduğunu bildirib.


Tədbirlərdə şəhid ailələri onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Xəbəri paylaş: