Rusiya və Türkiyə qaz qovşağının yaradılması ilə bağlı prinsipial razılığa gəliblər, artıq Ankara öz işini görməyə başlayıb.
Rezonans.az xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez bildirib.
"İlk olaraq işin özümüzə düşən hissəsini nəzərdən keçirəcəyik. İşlərə başlamışıq. Dostlar “Botaş”da, “Epiaş”da (Türkiyə enerji şirkətləri -red.) çalışırlar. Bizim hər zaman qaz mərkəzi və ticarət mərkəzi olmaq hədəfimiz olub. Prinsipcə, danışıqlarla bağlı razılıq əldə olunub, ilk növbədə öz tərəfimizdən işi bitirməliyik”, - deyə nazir qeyd edib.
Oktyabrda Vladimir Putin Türkiyədə qaz qovşağının yaradılmasını təklif edib. Onun sözlərinə görə, bu yolla “Şimal axını” ilə itirilmiş nasos həcmini əvəz etmək olar. Dövlət başçısının da vurğuladığı kimi, belə bir qərar iqtisadi baxımdan məqsədəuyğundur, eyni zamanda təhlükəsizlik səviyyəsi daha yüksəkdir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə Putin qeyd edib ki, qovşağın yaradılması qiyməti “normal, bazar səviyyəsində, heç bir siyasi çalarlar olmadan” sakit şəkildə tənzimləməyə imkan verəcək.
Türkiyə liderinin daha sonra dediyi kimi, o, rusiyalı həmkarı ilə qovşağın yaradılması ilə bağlı razılığa gəlib və Avropa Rusiya qazını Türkiyə vasitəsilə ala biləcək.










