Bir suala cavab tapmalıyıq ki, “Dövlət-özəl tərəfdaşlığı haqqında” yeni qanun layihəsi niyə indi qəbul olunur?
Rezonans.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov bildirib.
“Bununla bağlı 2016-ci ildə qanun layihəsi qəbul olunmuşdu. Amma qanunun özü olmasa da, fəaliyyəti nəzərə çarpırdı. Qəbələdən su çəkilmişdi, yollar salındı, özəl şirkətlərin əksəriyyəti burada çox qazanclı oldu. İndi müzakirə edilən qanunun qəbul olunması yaxşıdır, iri layihələr həyata keçriləcək. Dövlət üçün ən vacib məsələ rəqabət mühitinin yaradılmasıdır. Ölkəyə ən çox zərər elə budur. Bu məsələni həll etmək lazımdır”, - deyə deputat vurğulayıb.
Qeyd edək ki, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasında növbəti iclası keçirilib. İclasda “Dövlət-özəl sektor tərəfdaşlığı haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin bəndlərinə uyğun olaraq, dövlət-özəl tərəfdaşlığı sahəsində fəaliyyətin həyata keçirilməsinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir.






