“Azərbaycan işğal olunmuş ərazilərini özü azad edib və qonşu dövlətlə sülh sazişi imzalamağa hazırdır".
Rezonans.az xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov MDB Hökumət Başçıları Şurasının Astanada keçirilən iclasında bildirib.
Baş nazir deyib ki, Azərbaycanın irəli sürdüyü beş prinsip Ermənistan tərəfindən əsasən dəstəklənmişdi:
"Biz bu mövqedən çıxış edərək bu gün gündəlikdəki məsələlər barədə konstruktiv ruhda danışmağa çalışmışıq. Lakin Ermənistanın baş nazirinin müavini tərəfindən burada ölkəm barədə faktların qərəzli və kobud şəkildə təhrif olunması məni çıxış üçün bir daha söz almağa məcbur etdi".
"Fəlsəfədə əxlaq deyilən bir anlayış var. Əxlaq həm insani, həm də dövlətlərarası münasibətlərə aiddir. Qonşu dövlətin ərazisini 30 il ərzində işğal altında saxlamış, keçmiş Dağlıq Qarabağa heç bir aidiyyəti olmayan yeddi rayonu işğal etmiş, silahlı qüvvələri suveren qonşu dövlətin ərazisində daşı-daş üstündə qoymamış, dağıdıla biləcək nə varsa hamısını – şəhərləri, kəndləri, bütün canlı və cansız varlıqları, ekologiyanı, əxlaqi, mənəvi dəyərləri məhv etmiş ölkə bu gün guya bizim Silahlı Qüvvələrimiz tərəfindən Ermənistanın ərazi bütövlüyünü pozan hansısa məqamlardan danışır”, - Baş nazir vurğulayıb.