Bu gün dünyanın ən müxtəlif ölkələrində yaşayan azərbaycanlılar və azərbaycansevərlər 44 günlük müharibə nəticəsində 30 illik Ermənistanın işğalçılıq siyasətinə son qoyan qürur mənbəyimiz və şərəf tariximiz olan 8 Noyabr-Zəfər gününün ikinci ildönümünü qeyd edir.
Zaman keçdikcə başda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun əldə etdiyi qələbənin necə bir tarixi qələbə olduğu dərk edilir və ona qiymət verilməyə başlanılır. Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda dalğalandıqca, işğaldan azad edilən torpaqlarda həyat yenidən canlandıqca, bir daha Vətən müharibəsinin yaşantılarının yüz illərə bərabər olduğunu dərk etməyə başlayırsan.
Azərbaycan insanın başını uca edən bu qələbə heç də asan başa gəlmədi. İşğalçı Ermənistanı və onun havadarlarını məğlubiyyətə düçar edən 8 Noyabr-Zəfər günü uzunmüddətli düşünülmüş, konkret hədəflərə xidmət edən qətiyyətli siyasətin nəticəsidir. Bu qələbə bünövrəsi Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyevin həyata keçirdiyi gərgin fəaliyyətin nəticəsində mümkün olub. Çünki 30 ilə yaxın müddətində Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanması missiyasını üzərinə götürən ATƏT-in Misk Qrup, beynəlxalq təşkilatlar və dünyanın aparıcı dövlətləri problemi həll etmək əvəzinə, fəaliyyətsizlikləri, ikiüzlü siyasətləri ilə əslində işğalçı Ermənistanı işğalçılıq siyasətini davam etdirməyə təşviq ediblər.
Nəticədə isə BMT Təhlküəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə və digər beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı qəbul etdikləri sənədlər kağız üzərində qaldı. İşğalçı Ermənistan beynəlxalq təşkilatların və vasitəçilərin bu fəaliyyətsizliyindən, laqeydliyindən istifadə edərək Azərbaycana qarşı davamlı təxribatlar həyata keçirməkdə davam etdi. Ermənistanın son illər ərzindəki təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz edirdi və müharibəni günbə-gün yaxınlaşdırırdı.
Ermənistanın bu təxribatçı hərəkətləri isə Azərbaycan xalqının səbr kasası doldurduğundan Ali Baş Komandanın “Hücum” əmrini səbrsizliklə gözləyirdi. Xilaskar sərkərdə, Ali Baş Komandan cənab İlham Əliyev isə “Hücum “ və “İrəli” əmrini nə vaxt verəcəyi anı gözəl bilirdi. Beynəlxaq vasitəçilərin münaqişənin həllində marqlı olmadığını görən Prezident İlham Əliyev müharibənin qaçılmazlığını görür və buna ciddi hazırlaşırdı. Bilirdi ki, işğal altında torpaqlar müharibəsiz geri qayıtmayacaq və Ermənistanın işğalçılıq siyasətinə son verilməyəcək. Bu məqsədlə də müdrik lider bütün diqqətini ilk olaraq ölkə iqtisadiyyatını gücləndirib, qüdrətli ordu yaratmaq, Azərbaycanın beynəlxalq aləmdəki mövqeyinin möhkəmləndirilməsinə, beynəlxalq diplomatiya müstəvisində qələbəni təmin edəcək siyasətini yürüdüb “Hücum” və “İrəli” əmrini vermək günə hazırlaşdı. Azərbaycan xalqının səbrsizliklə torpaqları işğaldan azad edilməsi ilə bağlı Ali Baş Komandandan gözlədiyi “Hücum”, “İrəli” anı gəldi… Və həmin an 27 sentyabr 2020-ci ildə reallaşdı.
Vətən torpaqlarını işğaldan azad etməyə hazır vəziyyətdə duran rəşadətli Azərbaycan Ordusu hərbi əməliyyatlar zamanı inanılmaz qəhrəmanlıqlara imza atmaqla cəmi 44 günə düşməni torpaqlaırmızdan təmizləyib, ağır məğlubiyyətə düçar etdi. Azərbaycan Ordusu 44 günlük Vətən savaşında dünya hərb tarxində olmayan yeniliklərə imza atmaqla adını dünyanın müasir hərb tarixinə QIZIL hərflərlə yazdırdı. Bununla da rəşadətli Azərbaycan Ordusu ermənilərin nəinki dünyada uydurduduğu miflərini darmadağın etdi, həm də dünya erməni faşizminə son qoydu. Nəticədə düşmən Müzəffər Ali Baş Komandanın başçılığı ilə həyata keçirilən hərbi əməliyyatlar qarşısında tab gətirməyib diz çöküb, kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı.
Bu müddət Azərbaycan təkcə hərb meydanında deyil, eyni zamanda informasiya və diplomatiya meydanında dünya erməniçiliyi üzərində möhtəşəm qələbə əldə etdi.
Müharibədən sonra isə qələbənin dayanıqlılığını, geridönməzliyini təmin etmək üçün cənab Prezidentin rəhbərliyi altında işğaldan azad edilən ərazilərin yenidən quurlması istiqamətində təxirəsalınmaz işlər görülməkdədir. Bu gün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bir tikinti meydançasını xatırladır. Qısa zaman ərzində “Böyük qayıdışı” təmin etmək üçün bütün zəruri işlər kompleks şəkildə həyata keçirilməkdədir.
Azərbaycanın qəlbəsi Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradıb. Bu geosiyasi reallıq bölgədə dayanıqlı sülhün və sıx əməkdaşlığın yaranmasına xidmət edir. Ona görə də kapitulyasiya aktından sonra Cənubi Qafqazda dayanıqlı sülhün, yeni əməkdaşlıq formatının yaranması məqsədi ilə Azərbaycan Prezidenti Ermənistan tərəfinə sülh sazişi imzalanmasını təklif edib. Lakin Ermənistan tərəfi iki ilə yaxın müddətə keçməsinə baxmayaraq hələ də müxtəlif bəhanələrlə sülhdən boyun qaçırıb vaxt qazanmağa çalışır. Ancaq Ermənistan unutmamalıdır ki, vaxt itkisi onların ziyanınadır. Ermənistan bundan sonra bir daha revanşiszm siyasətini həyata keçirə bilməyəcək. Azərbaycan Prezidentinin bəyan etdiyi kimi “dəmir yumruq” hər zaman revanşist cəhdlərin anındaca qarşısını almağa hazır vəziyyətdədir. Necə ki, ötən iki il ərzində erməni revanşistləri bunun acı nəticəsini öz üzərlərində hiss ediblər. Odur ki, Ermənistan destruktiv fəaliyyətindən əl çəkib, qısa zaman ərzində bölgədə dayanıqlı sülhü təmin edən sülh sazişini imzalamalıdır. Azərbaycanın təklif etdiyi sülh sazişi bölgədə, ümumiyyətlə Avrasiya məkanında yeni əməkdaşlıq formatlaır üçün geniş imkanlar açır.
Vətəndaş Birliyi Partiyası bu qələbənin əldə edilməsində misilsiz şücaət və qəhrəmanlıqlar göstərmiş hərbçilərimizi, öz canını Vətənimizin azadlığı üçün qurban vermiş şəhidlərimizi, döyüşlərdə sağlamlıqlarını itirmiş qazilərimizi, eləcə də onların valideynlərini bu gün böyük minnətdarlıq, iftixar, qürur və hörmət hissiylə anaraq, bu şərəfli insanların xatirəsinin daim əziz tutulacağını bir daha bəyan edir.
Vətəndaş Birliyi Partiyası 30 illik işğala son qoyulmasında və son 200 illik tariximizdə belə bir şərəfli tarixin yazılmasında müstəsna xidməti olan, döyüş əməliyyatlarına düzgün və uğurla komandanlıq etdiyinə, Ordunu və cəmiyyəti vahid qüvvə şəklində bütövlükdə öz arxasınca səfərbər edib, məharətli bacarığına görə bütün savaşlardan qələbə ilə çıxan Müzəffər Azərbaycan Prezidenti cənab İlham Əliyevə xüsusi təşəkkürünü bildirir.
Vətəndaş Birliyi Partiyası eyni zamanda beynəlxalq təşkilatları və dünya ölkələrini bundan sonra Cənubi Qafqazda dayanıqlı sülhün, sabitliyin təmin edilib, sıx inteqrasiya olunmuş əməkdaşlıq formatının yaradılmasına çağırır!
Vətəndaş Birliyi Partiyası










