
21 noyabr 1992-ci il ictimai-siyasi və fikir tariximizin ən əlamətdar və unudulmaz təqvimlərindən biridir.
Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb. Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar.
Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda xalq və onun ziyalıları ulu öndərdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etməsini xahiş edirdi.
Noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirilən təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.
Yeni Azərbaycan Partiyası xalqımıza böyük xidmətlər göstərmiş, ölkəmizi o ağır günlərdən, çətin sınaqlardan çıxarmışdır. Fəaliyyət göstərdiyi müddətdə YAP ölkənin ən qabaqcıl siyasi ideya məktəbinə çevrilmişdir.
Ötən 44 günlük müharibə sübut etdi ki, bu təşkilat regionun ən qüdrətli siyasi partiyalarından biridir. Bu zəfər hakim partiyanın illərə söykənən siyasi və idarəçilik təcrübəsinin bariz nümunəsidir. Və 30 il əvvəl Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP ilk gündən cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilib. 1993-cü ildə Heydər Əliyevin xalqımızın istək və tələbi ilə hakimiyyətə gəlişindən sonra hakim siyasi partiya statusunu alan YAP daim ona göstərilən etimadı doğruldub, fəaliyyəti ilə dövlətimizin inkişafına, yüksəlişinə layiqli töhfələr verib. Hər zaman siyasi proseslərdə öndə olan hakim partiya 30 illik yubileyinə daha fəal, yenilənmiş formatda qədəm qoyur.
Yeni Nizamnaməsinin qəbul olunması, İdarə Heyətinin 40 nəfərdən ibarət tərkibdə seçilməsi partiyanın idarə olunmasının və partiyada fəaliyyətin tənzimlənməsinin yeni, çevik mexanizminin yaradılması baxımından aktuallıq kəsb edir.
Müstəqil Azərbaycan dövlətinin qurulmasında, sabitliyi və inkişafı istiqamətində böyük işlərə imza atan Yeni Azərbaycan Partiyası həm də yeni siyasi nümunə nümayiş etdirdi. 44 günlük Vətən müharibəsi dönəmində milli birlik modelini dünyaya nümayiş etdirən Azərbaycanın siyasi həyatında hakim partiya tamamilə yeni bir strategiyanın - siyasi həmrəylik, inteqrasiya və milli birlik modelinin əsasını qoydu.
Azərbaycan Prezidenti, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin “Biz birlikdə güclüyük” fikri dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapır. 6 siyasi partiyanın hakim partiyaya qoşulması Azərbaycanda dövlət və milli maraqlar naminə müxtəlif siyasi qüvvələrin inteqrasiya nümunəsinə çevrildi.
Təsadüfi deyil ki, Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev VII qurultayındakı yekun nitqində bir neçə partiyanın hakim partiya ilə birləşməsinin çox önəmli, əlamətdar hadisə olduğunu diqqətə çatdırıb:
”Bu da siyasi sistemimizin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır və eyni zamanda göstərir ki, partiyamızın həm məramı, həm proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir”.
Və Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəkləyən siyasi partiyaların milli birliyinin 44 günlük Vətən müharibəsindən sonra da davam etməsi milli və siyasi həmrəyliyin parlaq göstəricisidir.
Əmrah Mikayılov
Vətən müharibəsi Şəhidi "Qarabağ ordeni" ilə təltif edilmiş mayor Azər Mikayılovun atası
YAP Kəlbəcər rayon təşkilatının Veteran üzvü