Cəmiyyət

“Ahıllara və Tənhalara Dəstək” Ictimai Birliyi 7 yaşını qeyd edir

 

“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin 7 yaşı tamam olur.

Həssas əhali qrupunun sosial məsələlərinin həllinə yardımçı olmaq məqsədilə 2014-cü ilin 6 may tarixində təsis edilmiş və 2015-ci ilin 6 may tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış İctimai Birlik bu gün ölkə əhalisinin sosial müdafiəsi sahəsində dövlət siyasətini təbliğ edən, yaşlı və tənha insanların problemləri ilə bağlı elmi araşdırmalara dəstək verən, bu sahədə maarifləndirmə işi aparan qeyri-hökumət təşkilatı kimi vətəndaş cəmiyyətinin fəal üzvü, ayrılmaz tərkib hissəsi olmaqda israrlıdır.
Fəaliyyəti dövründə Birliyin rəhbərliyi və üzvləri minlərlə ahıl və tənha insanlarla görüşmüş, onlara mənəvi dayaq olmuş və maddi yardım göstərmişlər. Bu illər ərzində İctimai Birliyin təşəbbüsü və təşkilatçılığı ilə yüzlərlə xeyriyyə tədbiri, seminarlar və dəyirmi masalar, sərgilər və ekskursiyalar keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə bir çox layihələr həyata keçirmiş, 2016-cı ildə “Binəqədi rayonunda yaşayan ahıl və tənha vətəndaşların sosial adaptasiyası”, 2017-ci ildə ““İkinci nəfəs” – ahıl və tənha vətəndaşlar üçün alternativ sosial xidmətlərin təşkili”, 2018-ci ildə “Turizm vətənpərvərlik və diplomatiya işidir”, 2019-cu ildə “Ramazan uşaqların gözü ilə”, 2020-ci ildə “Postpandemiya dövründə həssas qruplara sosial dəstək verilməsi” kimi layihələrə imza atmış İctimai Birlik son bir ildə, pandemiya ilə əlaqədar xüsusi karantin rejimi və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsi dövründə də ictimai fəallığını daha da artırmış, “Qabarlı əllərin möcüzələri” onlayn sərgi-satış yarmarkası, “Bərəkətli əllər” aksiyası, “Nənəmə təbrik məktubu” inşa yazı müsabiqəsi kimi maraqlı tədbirlər keçirmiş, “Qarşınızda baş əyirik” və “Gündəmin gündəliyi” adlı kitablar nəşr etdirmişdir.
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondu ilə birgə “Mənəvi dəyərlər yaşadanlara – bahar sovqatı” layihəsinin həyata keçirilməsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailə könüllüləri” layihəsində iştirak “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin dövlət qurumları ilə sıx əməkdaşlığının bariz nümunəsidir.
İctimai Birliyin rəhbərliyi və İdarə Heyəti 7 illik fəaliyyəti dövründə yaşlı və tənha insanların sosial problemlərinin həllində təşkilata köməklik göstərmiş dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinə, ahıllara maddi yardımını əsirgəməmiş iş adamları və sahibkarlara, yaşlı və tənha soydaşlarımızın sağlamlığı keşiyində durmuş tibb işçilərinə, təşkilatın fəaliyyətini mətbuat səhifələrində və sosial şəbəkələrdə işıqlandırmış media təmsilçilərinə, ahıllara və tənhalara yüksək diqqət və qayğı, şəfqət və mərhəmət hissi ilə yanaşan hər bir kəsə dərin minnətdarlığını bildirir.
Cəmiyyətimiz üçün dəyərli olan yaşlı nəslin təmsilçilərini qorumaq, onlara həssas yanaşmaq hər birimizin mənəvi borcudur. Həm də – vətəndaşlıq borcu. İctimai Birlik bu borcu layiqincə yerinə yetirən, yaşlılara sevgi və ehtiram hissi ilə yaşayan hər bir kəslə əməkdaşlıq etməyə hazırdır.
Yeddi yaşın mübarək, “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyi!
Yetmiş yeddini yaşamaq – nəsibin olsun!

Ruhiyyə Məmmədova,
“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri

Ətraflı

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button