
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
Rezonans.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı Rusiya və Ukraynanın nümayəndə heyətlərinin İstanbul görüşlərinin nəticələri müzakirə edilib.
Ərdoğan Rusiya və Ukraynanın nümayəndə heyətlərinin İstanbulda müsbət və konstruktiv görüşünün sülhə olan ümidləri artırdığını, dialoqun davam etdirilməsinin vacib olduğunu deyib.
Vladimir Putin öz növbəsində Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşünə ev sahibliyi etdiyi üçün Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib.
Kremlin mətbuat xidmətinin məlumatına görə, Putin martın 29-da İstanbulda Rusiya-Ukrayna danışıqlarının keçirilməsində göstərdiyi köməyə görə türkiyəli həmkarına minnətdarlığını bildirib.
***
14:31
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olacaq.
Rezonans.az xəbər verir, məlumatı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov təsdiqləyib.
“Bu gün prezident Putinin bir neçə beynəlxalq telefon danışığı olacaq. Ankaradakı həmkarlarımız artıq Ərdoğanla danışığın olacağını elan ediblər. Biz bunu təsdiqləyirik”, - deyə Peskov vurğulayıb.
Liderlər telefon söhbəti zamanı Ukraynadakı hadisələri müzakirə edəcəklər.