Rusiya ordusu Ukraynaya bütün cəbhə boyu eyni anda hücum edəcək qədər gücdə deyil, bunu Kiyevdə yaşayan soydaşımız “Analitik və İnformasiya Platforması” təşkilatın sədri, politolog Qulu İbrahimov PLATFORM4.NEWS -a müsahibəsində bildirib.
“Rusiya Ukraynanın şimalında hərbi aktivliyini azaltmaq məcburiyyətində qaldı, çünki Ukrayna ordusu Kiyev vilayətini işğalçılardan uğurla azad etməyi bacardı. Rusiya qoşunları paytaxt ətrafında cəbhə xəttini saxlaya bilmədi”, İbrahimov bildirib.
Politolog hesab edir ki, Putin ordusunun gücünü daha real dəyərləndirməyə başlayıb.
“Fevral ayının 24 dən başlayaraq işğalçıların üç istiqamətdə hücumlarını izləyərkən görürük ki, Ukraynaya eyni anda üç istiqamətdə hücumu davam etdirmək üçün işğalçıların kifayət qədər gücü yoxdur. Buna görə də güclənmək məqsədi ilə qüvvələrinin bir hissəsini başqa istiqamətə köçürməyə məcbur qaldılar”, deyə politolog bildirib.
“Hesab edirəm ki, Putin artıq Ukraynaya hər tərəfdən hücumu davam etdirmək üçün kifayət qədər güclü olmadığını başa düşür”, deyə Q. İbrahimov əlavə edib.










