Rusiya Prezident Administrasiyasının sözçüsü Dmitri Peskov xüsusilə Ərdoğanın prezidentliyi dövründə Türkiyənin NATO üzvləri arasında ən suveren dövlət olduğunu deyib.
Rezonans.az-ın xəbərinə görə, Belarus dövlət televiziyasına müsahibəsində İstanbulda Rusiya və Ukrayna görüşlərindən danışarkən Türkiyə-Rusiya münasibətlərinə toxunan Dmitri Peskov bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan böyük və güclü siyasi lider, Türkiyə isə böyük regional qüvvədir:
"Ərdoğan ölkəsinin maraqlarını müdafiə etməkdən güc alır. Türkiyə ilə əlaqələrimiz əladır, baxmayaraq ki, Rusiya ilə Türkiyə arasında münasibətlərdə fərqli baxışlar var və iki ölkə bəzən bir-birini tam başa düşə bilmir. Tərəfdaşlıq münasibətləri qarşılıqlı maraqlar əsasında davam edir və nəhəng iqtisadi layihələr həyata keçiririk. Regionda həmişə kifayət qədər böyük güc olan Türkiyə uzun illərdir NATO-nun üzvüdür. Amma xüsusilə Ərdoğanın prezidentliyi dövründə NATO üzvləri arasında Türkiyə ən suveren dövlət oldu".










