Avropa İttifaqı “İşə qəbul və XXI əsrin bacarıqları” mövzusunda təlim keçirir

img

Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasında Nümayəndəliyi “Doğru bacarıqlar qazan” kampaniyası çərçivəsində keçirilən silsilə seminarlardan sayca ikincisini təşkil edir. 


Rezonans.az xəbər verir ki ki, gənc nəsli əmək bazarı və bacarıqların artırılması üzrə düzgün və hərtərəfli istiqamətləndirəcək “İşə qəbul və XXI əsrin bacarıqları” mövzusunda praktiki təlim “Azərbaycan HR İnstitutunun” təsisçisi və rəhbəri Emil Hüseynovun iştirakı ilə 2024-cü ilin  aprel ayının 20-də 10:30-dan 13:00-dək Landmarkın “Rotunda” zalında baş tutacaq.


Avropa İttifaqı 2023-2024-cü illəri “Avropa bacarıqlar ili” bəyan etmişdir. Məqsəd innovasiyaları və rəqabəti dəstəkləməklə ömürboyu öyrənmə, insanların və şirkətlərin güclənməsi yolu ilə “yaşıl” və rəqəmsal texnologiyalara keçidə töhfə verməkdir. “Doğru bacarıqlar qazan” kampaniyası çərçivəsində baş tutan silsilə təlim və seminarların məqsədi gənc nəsli karyera planlanması, təhsil və tələbə təqaüdü imkanları barədə bilgiləndirmək, həmçinin “startap” qurmaq və sahibkarlıq fəaliyyətinə başlamağa şövq etməkdir.


“Avropa İttifaqı və Azərbaycan Respublikası arasında insan inkişafı və gənc nəslin gələcək əmək bazarına hazırlanmasını rəhbər tutan möhkəm tərəfdaşlıq mövcuddur,” - deyə Aİ-nin Azərbaycan Respublikasında səfiri Peter Mixalko bildirmişdir. “Sürətlə dəyişən dünyada insanların əmək bazarına uyğunlaşması üçün onların doğru informasiya və bacarıqların təkmilləşdirilməsi imkanlarına çıxışına şərait yaratmalıyıq. Biz bu kampaniya vasitəsilə gələcəkdə daha yaxşı iş və əmək haqqına sahib olmaq üçün doğru bacarıqlar qazanmağın heç zaman gec olmadığını vurğulamaq istəyirik,” - deyə səfir Mixalko əlavə etmişdir.


İlk seminara Avropa İttifaqında müxtəlif təhsil və məşğulluq imkanları barədə bilik əldə etmək istəyən 100-dən artıq iştirakçı qatılmışdı. Aprelin 26-da keçiriləcək növbəti seminar kiçik biznes üçün zəruri bacarıqlara həsr olunacaq. “Doğru bacarıqlar qazan” kampaniyasının gələcək nəsilləri ilhamlandıracaq xüsusi qonarların iştirakı ilə baş tutacaq zirvə tədbirinin - “Aqora” toplantısının may ayında keçirilməsi nəzərdə tutulub. 


“Doğru bacarıqlar qazan” kampaniyasının məqsədi gələcək işlər naminə yeni, yaxud doğru bacarıqlar qazanmaq üçün vaxtın heç zaman gec olmadığını bariz şəkildə göstərməkdir. Avropa İttifaqı ali təhsil, peşə təhsili, bölgələrin inkişafı, mədəniyyət, səhiyyə və digər mühüm sahələrdə Azərbaycan Respublikasının uzunmüddətli və strateji tərəfdaşıdır. Aİ-nin dəstəyi ilə çox sayda insan biznes qurmuş, kənd təsərrüfatı istehsalına başlamış, yeni bacarıqlar əldə etmiş və təlimlərdən keçmişdir.


Emil Hüseynov haqqında ümumi məlumat:

Emil Hüseynov insan resursları sektoruna verdiyi töhfələrə görə 2023-cü ilin oktyabr ayında “LinkedIn” peşəkarlar platforması tərəfindən insan resursları üzrə ekspert nişanı (“Top Voice”) ilə təltif edilmişdir. 2024-cü ilin aprel ayında o, “Forbes” jurnalının İnsan Resursları Şurasına Azərbaycandan insan resursları sahəsi üzrə qəbul edilmiş ilk peşəkar olmuşdur. Hazırda E.Hüseynov insan resursları ixtisası üzrə öndər tədris və inkişaf təsisatı kimi tanınmış “Azərbaycan HR İnstitutunun” təsisçisi və rəhbəri kimi fəaliyyət göstərir. O, özəl və dövlət sektorlarında insan resursları üzrə mühüm transformasiya layihələrini keçirməklə insan resurslarını idarəetmə üzrə 17 illik peşəkar təcrübəyə malikdir.


Əlavə məlumat üçün Gülnarə Bayramova, Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin mətbuat və informasiya rəhbəri ilə [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamanız xahiş edilir.

Xəbəri paylaş: