Avropa İttifaqı Gürcüstanın müraciətini cavabladı

img

Avropa İttifaqı (Aİ) gələn həftə Gürcüstan və Moldovaya üzvlüyə namizəd statusunun verilməsi üçün zəruri olan anket təqdim edəcək.

 

Rezonans.az gürcü mediasına istinadən xəbər verir ki, bu barədə Avropanın Genişlənmə və Qonşuluq üzrə komissarı Oliver Varqeyi açıqlama verib.

 

Onun sözlərinə görə, artıq sənəd onun əlindədir:

 

"Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ötən gün anketi Ukraynaya təqdim edib. Aprelin 11-də mən anketi Gürcüstan və Moldovaya təhvil verəcəm. Cavablar Avropa Komissiyasına üç ölkə üzrə nəticə çıxarmağa kömək edəcək", - deyə Varqeyi bildirib.

 

Qeyd edək ki, aprelin 8-də Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Ukrayna Prezidenti Volodimir Zelenskiyə sorğu anketini təqdim edib. Anketin tamamlanması Ukraynaya Avropa İttifaqına namizəd statusunun verilməsi üçün zəruri addımdır.

 

Avropalı diplomat bildirib ki, Ukrayna 2022-ci ilin iyununda Aİ üzvlüyünə namizəd statusunu ala bilər.

 

Xatırladaq ki, Gürcüstan tərəfi də martın 3-də ittifaqa üzvlüklə bağlı müraciət göndərmişdi.

Xəbəri paylaş: