
Heydər Əliyev Beynəlxalq Aeroportunda pilotsuz uçuş aparatlarının (PUA) aerodrom ərazisi üzərində radiosiqnallarını bloklayaraq PUA-nın icazəsiz uçuşlarının qarşısını alan kompleks sistem tətbiq ediləcək.
Rezonans.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) bildirilib.
Məlumata görə, pilotsuz uçuş aparatlarının aerodromlar üzərində və ya uçuş-enmə zolaqlarının yaxınlığında uçuşu reysin gecikdirilməsinə, uçuşun təxirə salınmasına səbəb ola bilər, dronlarla toqquşma və ya onların təyyarənin mühərrikinə düşməsi isə hava gəmisinin zədələnməsi ilə nəticələnə bilər.
Bu səbəbdən, hava limanı ərazisinin pilotsuz uçuş aparatlarının icazəsiz istifadəsindən mühafizə edilməsi mülki aviasiya üçün prioritet vəzifədir və AZAL-ın "Azəraeronaviqasiya" HHİ-nin (AZANS) əsas məqsədlərindən biridir.
Bununla əlaqədar, AZANS Heydər Əliyev Beynəlxalq Aeroportunun bütün hava məkanının dronların qərəzli və ya qeyri-ixtiyari istifadəsindən qorunması üzrə tədbirlər həyata keçirəcək.