Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı dövlət siyasətinin mühüm tərkib hissəsidir

img

Prezident İlham Əliyev tərəfindən fevralın 26-da – soyqırımın 34-cü ildönümündə Xocalı şəhərində ucaldılmış Xocalı Soyqırımı Memorialının açılışı mərasiminin keçirilməsi tarixi, siyasi və mənəvi baxımdan böyük əhəmiyyəti olan bir hadisədir. Memorialın açılışı 30 illik diplomatik və hərbi mübarizənin məntiqi yekununun təqdimat mərasimi səciyyəsində idi. Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılış mərasimindəki nitqi Azərbaycanın yeni dövlətçilik erasının daha bir çağırışı kimi səslənir. Memorialın açılışı ilə keçmişlə bağlı daha bir mənəvi borc ödənildi və bütün diqqət artıq Böyük Qayıdışın uğuruna yönəldi. Bu nitq xalqa fəxarət, düşmənə çəkindirici, dünyaya isə yeni reallıqları qəbul etmək mesajı idi. Bu abidə ağrının yaddaşı olmaqla yanaşı, iradənin, birliyin və gücün rəmzidir. Bu gün Azərbaycan dövləti öz təhlükəsizliyini təmin etməyə qadir olan, sülhü güc vasitəsilə qoruyan və gələcəyə inamla addımlayan qüdrətli bir dövlətdir. Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorial Kompleksinin məhz Xocalı şəhərində açılışını ədalətin təntənəsi kimi dəyərləndirmişdir. Dövlət başçısının çıxışı yalnız bir memarlıq abidəsinin istifadəyə verilməsi deyil, həm də tarixi ədalətin bərpası, milli qürurun və əzmin təntənəsi kimi qiymətləndirilə bilər.

Memorial yalnız keçmişin xatırladılması üçün deyil, həm də gələcək nəsillərin tarixi həqiqətlər ruhunda tərbiyə olunması üçün mühüm əhəmiyyət daşıyır. Burada ucaldılan hər bir abidə elementi, hər bir memarlıq detalı bir mesaj verir: xalq öz şəhidlərini unutmur və unutdurmayacaq. Prezident çıxışında Ermənistan dövlətinin törətdiyi vəhşiliklərin heç vaxt unudulmamalı olduğunu xüsusi vurğulamışdır. Bu çağırış yalnız emosional bəyanat deyil, həm də siyasi və strateji məna daşıyır. Bir zamanlar ağır faciənin yaşandığı Xocalı bu gün dirçəliş və qürur rəmzinə çevrilmişdir. Burada Memorial Kompleksin açılması həm şəhidlərin ruhuna ehtiram, həm də gələcəyə inamın ifadəsidir. Prezident İlham Əliyevin çıxışı göstərir ki, Xocalı məsələsi yalnız keçmişin ağrısı deyil, həm də gələcəyin məsuliyyətidir. Tarixi unutmaq olmaz, lakin tarixdən nəticə çıxarmaq və güclü dövlət qurmaq əsas məqsəddir. Xocalı Soyqırımı Memorial Kompleksinin açılış mərasimində səsləndirilən fikirlər təkcə keçmişin xatırlanması deyil, həm də milli iradənin, dözümlülüyün və dövlətçilik gücünün ifadəsidir.

Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı bir daha göstərir edir ki, tarixi yaddaş dövlət siyasətinin mühüm tərkib hissəsidir. Keçmişi unutmaq olmaz, çünki tarix həm dərsdir, həm də xəbərdarlıqdır. Bu Memorial gələcək nəsillərə mesaj verir: xalq öz ləyaqətini qorudu, sınmadı, mübarizə apardı və qalib gəldi. Memorial kompleks təkcə memarlıq abidəsi deyil, həm də milli yaddaş məkanıdır. Bu məkan gələcək nəsillərə tarixi həqiqətləri çatdırmaq, faciənin miqyasını və ağrısını anlatmaq baxımından mühüm rol oynayacaq. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır. Bu baxımdan memorial kompleks həm də beynəlxalq mesaj daşıyır – ədalət geciksə də, bərpa olunur.

Xocalı şəhərində memorial kompleksin açılışı milli yaddaşın bərpası, tarixi ədalətin təntənəsi və gələcəyə inamın təsdiqi kimi qiymətləndirilməlidir. Bu hadisə bir daha göstərdi ki, Azərbaycan dövləti öz şəhidlərinin xatirəsinə sadiqdir, tarixi həqiqətlərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində ardıcıl siyasət yürüdür. Xocalı memorialı isə həm matəm, həm qürur, həm də zəfər rəmzi kimi Azərbaycan tarixində əbədi yerini tutmuşdur.

 

Emin Feyzizadə  

YAP Tovuz rayon təşkilatının məsləhətçisi                             

Xəbəri paylaş: