25 noyabr – Kəlbəcər Şəhəri Günü Azərbaycanın dövlətçilik tarixində, milli yaddaşında və Zəfər salnaməsində xüsusi yeri olan əlamətdar gündür

25 noyabr – Kəlbəcər Şəhəri Günü Azərbaycanın dövlətçilik tarixində, milli yaddaşında və Zəfər salnaməsində xüsusi yeri olan əlamətdar gündür

25 Noyabr - Kəlbəcər Şəhəri Günü isə bu qədim yurdun tarixində yeni mərhələnin başlanğıcını, tarixi ədalətin bərpasını və dövlətimizin qüdrətini təcəssüm etdirir. Bu əlamətdar gün həm də doğma torpaqlarından uzun illər ayrı düşmüş kəlbəcərlilərin qayıdış arzusunun gerçəkləşməsinin rəmzidir. Kəlbəcərin azad edilməsi də bu hərbi-siyasi strategiyanın mühüm nəticələrindən biri oldu. Rayonun mürəkkəb dağlıq relyefi və coğrafi mövqeyi onun strateji əhəmiyyətini artırırdı. Vətən müharibəsində yaranmış yeni reallıqlar və siyasi-diplomatik proseslərin düzgün idarə olunması Kəlbəcərin Azərbaycana qaytarılmasına şərait yaratdı. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonunun noyabrın 15-dək Azərbaycana qaytarılması nəzərdə tutulsa da, Ermənistan tərəfinin müraciəti ilə müddət noyabrın 25-dək uzadıldı. Azərbaycan humanist mövqe nümayiş etdirərək əlavə vaxt verilməsinə razılıq verdi. Lakin ərazini tərk edən ermənilərin evləri yandırması, ağacları kəsməsi və infrastrukturu dağıtması işğalçılıq siyasətinin vandalizm mahiyyətini bir daha üzə çıxardı.

Azadlıqdan sonra Kəlbəcərin qarşısında duran əsas vəzifə dağıdılmış infrastrukturun bərpası, iqtisadi potensialının reallaşdırılması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış Proqramı çərçivəsində rayonda genişmiqyaslı quruculuq işlərinə başlanıldı. 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə həmin günün Kəlbəcər Şəhəri Günü elan edilməsi tarixi Zəfərin əbədiləşdirilməsi baxımından mühüm addım oldu. Beləliklə, 25 noyabr dövlətimizin gücünün, xalqımızın birliyinin və tarixi ədalətin bərpasının rəmzinə çevrildi. Kəlbəcərin müasir tarixində ən faciəli mərhələ 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi ilə başladı. Bu hadisə yalnız Azərbaycanın ərazi bütövlüyünə qarşı hərbi təcavüz deyil, həm də bölgənin demoqrafik strukturuna, tarixi-mədəni irsinə və sosial-iqtisadi həyatına ağır zərbə idi.

İşğala qədər 53 478 nəfər əhalisi olan rayonun sakinləri doğma yurdlarını tərk etməyə məcbur qaldılar. İşğal nəticəsində 511 dinc sakin öldürüldü, 321 nəfər əsir götürüldü və itkin düşdü. Kəlbəcər əhalisinin respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşması məcburi köçkünlük probleminin miqyasını və humanitar nəticələrini aydın şəkildə göstərirdi. Kəlbəcərin azad edilməsindən sonra qarşıda duran əsas vəzifə ərazinin təhlükəsizliyinin təmin edilməsi, infrastrukturun yenidən qurulması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkilidir. Bu istiqamətdə həyata keçirilən tədbirlər Azərbaycanın postmünaqişə dövrü dövlət siyasətinin əsas prioritetlərindən birini təşkil edir. Kəlbəcərin bərpası və inkişafı istiqamətində həyata keçirilən işlərə Prezident İlham Əliyevin mütəmadi səfərləri xüsusi məzmun verir. Bu səfərlər bölgədə aparılan quruculuq işlərinin gedişinə nəzarətin, strateji layihələrin icrasının və dövlət siyasətinin ardıcıllığının mühüm göstəricisidir.

 25 Noyabr – Kəlbəcər Şəhəri Günü bu baxımdan yalnız tarixi qələbənin xatırlanması deyil, həm də gələcəyə yönəlmiş dövlətçilik strategiyasının simvoludur. Kəlbəcər bu gün işğalın ağır nəticələrini geridə qoyaraq yenidən qurulur, sakinlərinin qayıdışı ilə öz əvvəlki həyat ritmini bərpa edir. Dünən hərbi-strateji mövqeyi ilə Azərbaycanın təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyan bu diyar bu gün həm də iqtisadi inkişafın, yaşıl enerjinin, turizmin və müasir şəhərsalmanın perspektivli mərkəzinə çevrilir. Kəlbəcərin dirçəlişi Zəfərin davamıdır. Bu dirçəliş Azərbaycanın ərazi bütövlüyünün bərpasının yalnız hərbi nəticə olmadığını, həm də insanların doğma torpaqlarında təhlükəsiz, firavan və dayanıqlı həyatının təmin edilməsinə yönəlmiş uzunmüddətli dövlət siyasəti olduğunu nümayiş etdirir.

Emin Feyzizadə  

YAP Tovuz rayon təşkilatının məsləhətçisi                             

Xəbəri paylaş: