Cəmiyyət

Qəbələdə 10 şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə fərdi yaşayış evləri təqdim edilib

 

 

Rezonans.az xəbər verir ki, Noyabırın 12-də Qəbələ rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 10 şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə fərdi yaşayış evləri təqdim edilib.
Təqdim etmə mərasimində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov və Qəbələ rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyev iştirak ediblər. Tədbirdə qeyd edilib ki, dövlət başçısının tapşırığına əsasən, 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda – azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub və onlardan artıq böyük əksəriyyəti sahiblərinə təqdim edilib.

Tarixi zəfərimizlə başa çatan 44 günlük müharibədən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev haqq savaşımızda yaralanmış hərbçilərə öz hörmətini ifadə etmək üçün onlarla görüşüb. Görüşdə Ali Baş Komandanımızın verdiyi tapşırığa uyğun olaraq, Nazirlik tarixi Qələbəmizlə başa çatan Vətən müharibəsində şəhid olmuş insanların yaxınlarına dəstəyin göstərilməsi, həmçinin onlara mənzillərin, evlərin verilməsi üçün müvafiq işləri yerinə yetirəcəkdir.

Tədbirdə yeni fərdi evlə təmin olunan şəhid ailələrinin üzvləri, müharibə əlilləri ərazilərimizin Ermənistanın işğalından azad edildiyinə görə fərəh və sevinclərini bölüşüblər. Onlar tariximizə şanlı qəhrəmanlıq səhifəsi kimi qızıl hərflərlə yazılan Böyük Qələbəyə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlıq duyğularını ifadə ediblər. Yenilməz Ordumuzun dünya hərb tarixinə əbədi həkk olunan uğurlu hərbi əməliyyatlarından, Azərbaycan əsgərinin haqq savaşında yüksək vətənpərvərliyə və döyüş hazırlığına əsaslanan misilsiz rəşadətindən iftixar hissi keçirdiklərini vurğulayıblar.

Şəhid ailəsi üzvləri və müharibə əlilləri onların sosial müdafiəsinə daim xüsusi qayğı göstərilməsindən də razılıqla bəhs edib, bu qayğıya və yeni evlə təmin edildiklərinə görə dövlət başçımıza təşəkkürlərini ifadə ediblər. Prezident İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcəklərini, bu sarsılmaz birliyin qarşıdakı dövrdə də xalqımıza daim qələbələr gətirəcəyini vurğulayıblar.

Ətraflı

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button