Yeni qanun layihələri plenar iclasa tövsiyə olundu

img

Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib.

 

Bu barədə Rezonans.az-a Milli Məclisdən məlumat verilib.

 

İclası açan komitə sədri Tahir Rzayev iclasın gündəliyinə iki məsələnin daxil olduğunu deyib.

 

Tahir Rzayev əvvəlcə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi barədə məlumat verib. O, bildirib ki, 15 maddədən ibarət saziş 2022-ci il noyabrın 4-də Bakı şəhərində imzalanıb. Sazişin məqsədi ölkələr arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlığı inkişaf etdirmək və bitkiçilik məhsullarının ticarət və mübadiləsini asanlaşdırmaqdır. Sənədə uyğun olaraq, karantin nəzarətində olan materialların ixracı, idxalı və tranziti dövlətlərin qanunvericiliyi ilə müəyyən olunan qaydada sərhəd-buraxılış məntəqələri vasitəsilə həyata keçirilir, həmçinin fitosanitar nəzarəti zamanı karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edildikdə, idxalçı tərəf yoluxmanı aradan qaldırmaq, yoluxmuş malları zərərsizləşdirmək və ya ixrac edən tərəfə geri qaytarmaq üçün tədbirlər görür.

 

Deputatlar qanun layihəsini baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

 

Sonra Tahir Rzayev “Qida təhlükəsizliyi haqqında” Qanunun icrası ilə əlaqədar hazırlanmış Gömrük Məcəlləsində, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Baytarlıq haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib.

 

Qanun layihəsi nəzərdən keçirilərək ikinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

İclasda komitənin sədr müavini Sabir Hacıyev, komitə üzvləri Azər Badamov, Aydın Hüseynov, İqbal Məmmədov, Eldar İbrahimov, Novruzəli Aslanov, Müşfiq Cəfərov və digər rəsmi şəxslər iştirak ediblər.

Xəbəri paylaş: