“Ombudsmanın fəaliyyət istiqamətləri: müasir çağırışlar və insan hüquqlarına əsaslanan tərəfdaşlıq” mövzusunda dəyirmi masa keçirilib

img

İnsan hüquqlarının müdafiəsi sahəsində effektiv milli qanunvericilik aktlarının qəbul edilməsi, bu sahədə qüvvədə olan qanunvericiliyin  təkmilləşdirilməsi ilə bağlı ombudsmanların və milli insan hüquqları təsisatlarının parlamentlə əməkdaşlığı olduqca vacibdir.

Rezonans.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən “Ombudsmanın fəaliyyət istiqamətləri: müasir çağırışlar və insan hüquqlarına əsaslanan tərəfdaşlıq mövzusunda” keçirilmiş dəyirmi masada səsləndirilib.

Ombudsman Səbinə Əliyeva çıxışında insan hüquqlarının səmərəli  müdafiəsi istiqamətində təsisat tərəfindən görülən işlər barədə geniş məlumat verib. O, həmçinin postmüharibə dövründə həyata keçirilən fəaliyyət, 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən törədilən müharibə cinayətlərini, mina və ekoloji terror nəticəsində günahsız insanların həlak olması və sağlamlıqlarını itirməsi, ətraf mühitə ziyan vurulması hallarını faktlarla təsdiq edən və beynəlxalq qurumlara ünvanladığı çoxsaylı hesabatları, bəyanat və müraciətləri haqqında məlumatları diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc tərəfindən qanunvericiliyin təkmilləşdirilməsi sahəsində ölkədə həyata keçirilən islahatlar, parlamentlə əməkdaşlıq imkanları barədə geniş məlumat verilib.

Çıxışlarda “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsinin əhəmiyyətinə toxunulub,  eləcə də insan hüquqlarının müdafiəsinə dair normativ hüquqi aktların bu sahədə əsas beynəlxalq konvensiyalara və digər beynəlxalq müqavilələrə uyğunluğunun təmin edilməsi, parlament, dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, o cümlədən qeyri-hökumət təşkilatları və media ilə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb.

Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində verdiyi təkliflər, Milli Preventiv Mexanizm, informasiya əldə etmək hüququnun təmini, beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyət istiqamətlərinə dair Aparatın məsul əməkdaşlarının təqdimatları dinlənilib, qonaqları maraqlandıran suallar cavablandırılıb.

Müzakirələrdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin üzvləri Azay Quliyev, Elşad Mirbəşir oğlu, Elman Nəsirov, Bəhruz Məhərrəmov, Erkin Qədirli, Vüqar İskəndərov mövcud təcrübə və qanun layihəsi barədə fikirlərini bölüşüb, təkliflərini səsləndiriblər.

Tədbir fikir mübadiləsi ilə davam etdirilib və sonda qonaqlar Ombudsman Aparatında vətəndaşların qəbulu prosesi və yaradılmış şəraitlə tanış olublar.

Xəbəri paylaş: