Ombudsman Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirini qəbul edib

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmidi  qəbul edib.

Azərbaycan və Misir arasında diplomatik əlaqələrin qurulmasından 30 il ötdüyünü qeyd edən Ombudsman bu müddət ərzində iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin quruluduğunu və inkişaf etdiyini vurğulayıb.

Rezonans.az xəbər verir ki, görüş zamanı Ombudsman ötən il təsisatın yaradılmasının 20 illiyinin qeyd olunduğunu qonağın diqqətinə çatdırıb, bu dövr ərzində insan hüquqlarının müdafisəi istiqamətində həyata keçirilən tədbirlər  barəsində geniş məlumat verib. 

Ombudsman 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri, mədəni, tarixi və dini abidələrə qarşı vandalizm aktları barədə məlumat verib. Ombudsmanın həyata keçirdiyi faktaraşdırıcı missiyalar və bunun nəticəsi olaraq hesabatların hazırlandığı diqqətə çatdırılıb.

Misirin Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini qeyd edən Ombudsman müharibə dövründə də Misir xalqının mənəvi dəstəyinin ölkələrimiz arasındakı dostluq əlaqələrinin sarsılmaz olduğunu bir daha göstərdiyini vurğulayıb.  

Səmimi qəbula görə təşəkkürünü bildirən qonaq iki ölkənin milli insan hüquqları təsisatları arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.

Görüş zamanı  insan hüquqlarının təbliği və maarifləndirmə sahəsində ölkələrimiz arasında birgə əməkdaşlıq perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Yekunda qonağa Ombudsman Aparatının 20 illiyinə həsr olunmuş poçt markası təqdim olunub.

Xəbəri paylaş: