FHN yanğına qarşı maarifləndirmə tədbirləri keçirdi

img

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi sahəsində əsas istiqamətlərdən biri olan əhalinin yanğın təhlükəsizliyi qaydaları barədə maarifləndirilməsi üzrə zəruri tədbirlərin görülməsini davam etdirir.

Rezonans.az xəbər verir ki, bu çərçivədə, Xidmət tərəfindən Bakı Regional Mərkəzinin əməkdaşlarının iştirakı ilə Binəqədi rayonu 276 saylı tam orta məktəbdə və Səbail rayonu 132-134 saylı təhsil kompleksində, Aran Regional Mərkəzinin əməkdaşlarının iştirakı ilə Göyçay şəhər Rəsul Rza adına 1 saylı tam orta məktəbində, habelə Şamaxı şəhərində yerləşən M.Ə.Sabirin ev muzeyində, İsmayıllı rayon Soltankənd kənd və Lahıc qəsəbə tam orta məktəblərində, Gədəbəy rayon peşə liseyində, “MKT İK” MMC-nin Sabirabad rayon filialında və “Aqroservis” ASC-nin Yevlax regional nümayəndəliyində yanğına qarşı maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə yanğın təhlükəsizliyinə dair tələblər barədə söhbətlər aparılıb, baş verə biləcək yanğınlar zamanı ilkin zəruri davranış qaydaları ilə əlaqədar geniş məlumat verilib, təxliyə planından düzgün istifadə olunmasının vacibliyi bildirilib. Həmçinin, ərazilərin təmiz, ehtiyat çıxış yollarının daim istifadəyə yararlı, yanğına qarşı su təchizatı qurğularının isə işlək vəziyyətdə saxlanılmasının və ilkin yanğınsöndürmə vasitələri ilə təchizatın zəruriliyi aidiyyəti şəxslərin diqqətinə çatdırılıb.

Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib, suallar cavablandırılıb.

Xəbəri paylaş: