Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsini hədəfləyir

Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsini hədəfləyir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kamboca Krallığının Baş naziri Hun Manetin ölkəmizə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat və iki ölkə arasında imzalanmış sənədlər Azərbaycan diplomatiyasının Asiya istiqamətində əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. 12 oktyabr 2026-cı il tarixində Bakıda keçirilən görüşlər Azərbaycan ilə Kamboca arasında siyasi dialoqun inkişaf etdirilməsi, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından diqqət çəkir. Səfərin mühüm nəticələrindən biri Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında üç əməkdaşlıq sənədinin imzalanması və sənədlərin mübadiləsi mərasiminin keçirilməsi olub. Kambocanın rəsmi informasiya mənbəyinin məlumatına əsasən, sənədlərə iki anlaşma memorandumu və bir saziş daxildir. Kamboca tərəfi bu sənədlərin ticarət, təhsil və digər potensial sahələrdə gələcək əməkdaşlıq üçün çərçivə yaratdığını bildirib. Azərbaycan ilə Kamboca arasında münasibətlər yalnız ikitərəfli iqtisadi əlaqələrlə məhdudlaşmır. Hər iki ölkə beynəlxalq təşkilatlarda əməkdaşlığın genişləndirilməsinə, qarşılıqlı dəstəyin möhkəmləndirilməsinə və beynəlxalq hüquq normalarına əsaslanan münasibətlərin inkişafına önəm verir. Azərbaycan və Kamboca Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə kimi beynəlxalq platformalarda fəal əməkdaşlıq edir, bir-birini dəstəkləyir. Dövlət başçısının sözlərinə görə, mövcud siyasi əlaqələr ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlverişli zəmin yaradır. Tərəflər təmasların intensivləşdirilməsi və əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi barədə razılığa gəliblər. Azərbaycan-Kamboca münasibətlərində humanitar əlaqələrin genişləndirilməsi də mühüm yer tutur. Prezident İlham Əliyev xatırladıb ki, Sovet İttifaqı dövründə yüzlərlə kambocalı tələbə Azərbaycanda təhsil alıb. Dövlət başçısı bu ənənənin bərpa edilməsinin, tələbələr üçün qarşılıqlı təhsil imkanlarının yaradılmasının xalqlar arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcəyini vurğulayıb. Bununla yanaşı, nəqliyyat və rəqəmsal transformasiya məsələləri də müzakirə olunan prioritet istiqamətlər sırasında yer alıb. Müasir dövrdə rəqəmsal həllərin və nəqliyyat imkanlarının inkişafı ölkələr arasında iqtisadi və humanitar əlaqələrin daha çevik qurulmasına şərait yaradır. Dövlət başçısı Azərbaycan və Kambocanı birləşdirən amillər sırasında beynəlxalq hüquqa və beynəlxalq təşkilatların qərarlarına sadiqliyi də xüsusi vurğulayıb. Bu yanaşma dövlətlərarası münasibətlərdə qarşılıqlı hörmətin, suverenliyin və ərazi bütövlüyünün qorunmasının əhəmiyyətini ön plana çıxarır, beynəlxalq təşkilatlar çərçivəsində daha ədalətli, təhlükəsiz və əməkdaşlığa açıq dünya nizamını formalaşdırır. Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri müxtəlif regionların ölkələri ilə qarşılıqlı faydalı əlaqələrin qurulması və tərəfdaşlıq imkanlarının genişləndirilməsidir. Kambocanın Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri bu baxımdan diqqətəlayiqdir. Səfər çərçivəsində aparılan müzakirələr iki ölkə arasında siyasi münasibətlərin iqtisadi, humanitar və texnoloji əməkdaşlıqla zənginləşdirilməsinə marağı nümayiş etdirir. Tərəflərin müxtəlif sahələrdə mövcud imkanları nəzərdən keçirməsi əlaqələrin daha sistemli inkişafı üçün əlverişli zəmin yaradır. 

Emin Feyzizadə  

YAP Tovuz rayon təşkilatının məsləhətçisi   

Xəbəri paylaş: