Dövlətimizin başçısı İlham Əliyevin oktyabrın 8-də Türkmənistana işgüzar səfəri bütün bu reallıqları bir daha təsdiqlədi

Dövlətimizin başçısı İlham Əliyevin oktyabrın 8-də Türkmənistana işgüzar səfəri bütün bu reallıqları bir daha təsdiqlədi

Səfər çərçivəsində Azərbaycan və Türkmənistan Prezidentlərinin görüşü də oldu. Söhbət zamanı qeyd edildi ki, ötən ildən etibarən ölkələrimiz arasında ən yüksək səviyyədə beş səfərin həyata keçirilməsi siyasi dialoqun intensivliyinin və qarşılıqlı əlaqələrin dinamikasının bariz göstəricisidir. Siyasi, iqtisadi, nəqliyyat, tranzit, logistika, mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, həmçinin Xəzər dənizi mövzusu və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə edildi. Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün ölkəmizlə region dövlətləri arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsi, regional əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyəti vurğulandı. Prezident İlham Əliyevin Türkmənbaşıda keçirilən Məşvərət görüşündə çıxışı Azərbaycanın regional əməkdaşlıq sistemində artan rolunu, Mərkəzi Asiya ilə iqtisadi inteqrasiyanın genişləndirilməsi və ortaq geoiqtisadi məkanın formalaşdırılması istiqamətində strateji prioritetlərini bir daha nümayiş etdirdi. Azərbaycanın 2025-ci ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvünə çevrilməsi ölkəmizin regionla münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. Çıxışda bu qərarın xüsusi vurğulanması onun yalnız diplomatik hadisə deyil, həm də dəyişən regional geosiyasi reallıqların nəticəsi olduğunu göstərir. Azərbaycanın formata tamhüquqlu üzv kimi qoşulması Xəzər dənizinin iki sahilində yerləşən ölkələr arasında siyasi dialoqun daha sistemli şəkildə aparılmasına, iqtisadi təşəbbüslərin əlaqələndirilməsinə və ortaq maraqların çoxtərəfli platformada müzakirəsinə imkan yaradır. Bu, eyni zamanda, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin güclənməsinə, regionlararası əməkdaşlığın daha geniş coğrafiyada inkişafına xidmət etməkdədir. Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişaf etdirilməsi mühüm istiqamətlərdən biridir. Ölkəmiz tarixən bu region dövlətləri ilə sıx dostluq, qardaşlıq və əməkdaşlıq münasibətlərinə malik olmuşdur. Ortaq tarixi köklər, milli-mənəvi dəyərlər, mədəniyyət və dil yaxınlığı Azərbaycanı Mərkəzi Asiya dövlətləri ilə birləşdirən əsas amillərdəndir. Son illərdə bu əlaqələr daha da möhkəmlənmiş, siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlıq yeni mərhələyə yüksəlmişdir. Azərbaycanın bu formata qoşulması Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü xarici siyasətin nəticələrindən biridir. Ölkəmiz beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət, suverenliyə ehtiram, bərabərhüquqlu əməkdaşlıq və ortaq maraqların qorunması prinsiplərini əsas götürür. Bu prinsiplər Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin inkişafında da mühüm rol oynayır. Azərbaycanın təşəbbüsləri region ölkələri arasında əlaqələrin möhkəmlənməsinə, yeni iqtisadi imkanların yaranmasına və birgə layihələrin həyata keçirilməsinə şərait yaradır. Orta Dəhliz Çin və Mərkəzi Asiya ölkələrindən başlayaraq Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya uzanan mühüm nəqliyyat marşrutudur. Bu dəhliz beynəlxalq yükdaşımaların sürətləndirilməsi, ticarət əlaqələrinin artırılması və ölkələr arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Azərbaycanın nəqliyyat və logistika imkanları Mərkəzi Asiya dövlətlərinin dünya bazarlarına çıxışını asanlaşdırır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yolları və digər nəqliyyat infrastrukturları bu əməkdaşlığın inkişafında mühüm rol oynayır. Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında enerji sahəsində əməkdaşlıq da genişlənir. Xəzər dənizinin enerji ehtiyatlarından səmərəli istifadə edilməsi, bərpaolunan enerji layihələrinin həyata keçirilməsi və elektrik enerjisinin ixracı istiqamətində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Bu sahədə birgə fəaliyyət regionun enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və iqtisadi inkişafına xidmət edir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatına tamhüquqlu üzv qəbul edilməsi ölkəmizin xarici siyasətində mühüm hadisədir. Bu addım Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında tarixi dostluq və qardaşlıq münasibətlərinin daha yüksək səviyyəyə çatdığını nümayiş etdirir. Siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın inkişafı bütün tərəflərin maraqlarına uyğundur. 

Emin Feyzizadə  

YAP Tovuz rayon təşkilatının məsləhətçisi

Xəbəri paylaş: