İqtisadi-ticari əlaqələr və qarşılıqlı investisiyalar tərəfdaşlığın əsas istiqamətlərindəndir

İqtisadi-ticari əlaqələr və qarşılıqlı investisiyalar tərəfdaşlığın əsas istiqamətlərindəndir

Oktyabrın 8-də Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün Türkmənistanın Türkmənbaşı şəhərinə işgüzar səfərə gedib. Görüşdə Mərkəzi Asiya ölkələri ilə bir çox regional məsələlərə, o cümlədən iqtisadi əməkdaşlığa dair müzakirələr aparılıb. Ölkəmizin başçısı çıxışında müttəfiq ölkələrin energetika sahəsindəki əməkdaşlığını daha da genişləndirməyin vacibliyini vurğulayıb. Bildirib ki, bu gün Azərbaycan enerji resurslarının Mərkəzi Asiyadan beynəlxalq bazarlara tranzitində mühüm rol oynayır: « Türkmənistan və Qazaxıstan nefti ölkəmiz vasitəsilə nəql olunur və bu daşımaların həcmi artır. Bərpaolunan enerji sahəsində əməkdaşlığımız davamlı olaraq genişlənir. Biz Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyirik». Həmçinin görüşdə Mərkəzi Asiya ölkələrini və Azərbaycanı dünyanın bir çox istiqamətləri ilə bağlayan nəqliyyat- loqistika məsələləri də əsas müzəkirə mövzusu olub. Xüsusi qeyd edilib ki, nəqliyyat Mərkəzi Asiya və Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir. Dövlətimizin başçısı çıxışında vurğulayıb ki, Xəzər dənizi bu ölkələr arasında qarşılıqlı nəqliyyat əlaqələrində getdikcə daha vacib rol oynayır. Yəni, Xəzərin hər iki sahilindəki nəqliyyat infrastrukturu Mərkəzi Asiyanı Azərbaycanla və daha sonra beynəlxalq bazarlarla birləşdirmək üçün çox əhəmiyyətli məkandır. Prezident İlham Əliyev bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin səmərəliliyindən danışaraq bildirib: «Bizim ortaq məqsədimiz bu marşrutları daha səmərəli və rəqabətədavamlı etməkdir. Ötən ilin noyabrında Azərbaycanın Məşvərət formatına tamhüquqlu üzv qəbul edilməsi regional münasibətlərdə əlamətdar hadisədir. Bu qərar ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə sıx əlaqələrinin və qarşılıqlı etimadın göstəricisidir. Dövlət başçısının Azərbaycanın üzvlük təşəbbüsünə dəstəyə görə həmkarlarına təşəkkür etməsi, Türkmənistanın və Qurbanqulu Berdiməhəmmədovun rolunu vurğulaması qarşılıqlı dəstəyin əhəmiyyətinin göstəricisidir. Azərbaycanın bu formatda iştirakı Xəzər hövzəsi ilə Mərkəzi Asiya arasında əməkdaşlığın daha geniş miqyasda inkişafına imkan yaradır. İqtisadi-ticari əlaqələr və qarşılıqlı investisiyalar tərəfdaşlığın əsas istiqamətlərindəndir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb, ölkəmizdə həmin dövlətlərin kapitalı ilə 400-dən artıq şirkət fəaliyyət göstərir. Qazaxıstan, Özbəkistan və Qırğızıstanla yaradılmış birgə investisiya fondları isə istehsal müəssisələrinin qurulması, sənaye əməkdaşlığının genişləndirilməsi və xarici bazarlara birgə çıxış üçün yeni imkanlar yaradır. Bu yanaşma əməkdaşlığın yalnız ticarət dövriyyəsinin artırılmasına deyil, ortaq istehsal və uzunmüddətli iqtisadi tərəfdaşlığa əsaslanmasını nəzərdə tutur. Ölkəmizin başçısı iqtisadi əməkdaşlığın ən önəmli seqmenti olan investisiyalar barədə də danışıb. Vurğulayıb ki, ilk növbədə, birgə layihələrin həyata keçirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və sənaye əməkdaşlığının genişləndirilməsi üçün bu investisiya fondlarının imkanlarından daha fəal və səmərəli istifadə zəruridir : «Biz təkcə qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik, həm də birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq». Prezident İlham Əliyev tədbirdə Qarabağda və Şərqi Zəngəzurda erməni işğalından azad edilmiş ərazilərin bərpasına göstərilən qardaş dəstəyini də yüsək qiymətləndirərək bunun Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, Füzuli şəhərində Özbəkistan tərəfindən Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi inşa edilib. Qırğızıstan tərəfindən də azad edilmiş ərazilərdə məktəb tikilib: «Biz bu yardımı yüksək qiymətləndiririk». Tərəfdaşlığın mühüm istiqamətlərindən biri də humanitar həmrəylikdir. Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın isə Ağdamda Manas adına məktəb inşa etməsi qardaş dəstəyinin konkret nümunələridir. Türkmənistanın Füzulidə məscid tikintisinə töhfəsi də xalqlarımız arasındakı dostluğun və mənəvi yaxınlığın ifadəsidir. Bu layihələr işğaldan azad edilmiş ərazilərin bərpasına dəstək olmaqla yanaşı, regional münasibətlərin humanitar əsaslarını da möhkəmləndirir. Məşvərət görüşünə ev sahibliyi edən Türkmənistanla Azərbaycanın da münasibətlərinin son illərdə dinamik şəkildə inkişaf ediyini bildirən Prezident İlham Əliyev deyib ki, iki ölkə arasında ötən ildən bəri artıq beş yüksəksəviyyəli səfər həyata keçirilib: «Bu, siyasi dialoqumuzun intensivliyini və ikitərəfli əlaqələri daha da gücləndirmək üçün qarşılıqlı istəyimizi əks etdirir». Ölkəmizin başçısı Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin tikintisini xüsusi vurğulayıb: «Keçən il onun təməlinin qoyulmasında birgə iştirak etdik. Qardaş Türkmənistanın ölkəmizə verdiyi bu hədiyyə xalqlarımızın dostluğunun və mənəvi yaxınlığının daha bir sübutudur».  Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin son illər geosiyasi mövqeyi də ciddi şəkildə güclənib. Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) genişlənməsi, yaşıl enerji sahəsində reallaşan böyük potensial buna misal göstərilə bilər. Böyük təbii ehtiyatlara malik olan Mərkəzi Asiya ölkələrinin qlobal və regional iqtisadiyyata gələcəkdə də ciddi töhfələr verəcəyi bir həqiqətdir.

Arifə Abbasova

YAP Tovuz rayon təşkilatının məsləhətçisi

Xəbəri paylaş: