Məktəbli forması yalnız geyim deyil, təhsil mədəniyyətinin, nizam-intizamın və ümumi dəyərlərə hörmətin ifadəsidir

Məktəbli forması yalnız geyim deyil, təhsil mədəniyyətinin, nizam-intizamın və ümumi dəyərlərə hörmətin ifadəsidir

Bu gün məktəbdə qazandığımız biliklər, aşıladığımız dəyərlər və yaratdığımız davranış mədəniyyəti sabahın vətəndaşının şəxsiyyət kimi yetişməsində mühüm rol oynayır. Məhz buna görə də təhsil müəssisələrində nizam-intizamın möhkəmləndirilməsi, şagirdlərdə məsuliyyət hissinin və ictimai davranış mədəniyyətinin formalaşdırılması hər zaman diqqət mərkəzində olmalıdır. Məktəbli forması da bu baxımdan sadəcə zahiri görünüş məsələsi deyil, təhsil mühitinin mənəvi və təşkilati bütövlüyünü tamamlayan mühüm amillərdən biridir. Məktəbli forması şagirdin təhsil aldığı müəssisəyə mənsubiyyətini, məktəbin qaydalarına hörmətini və kollektiv qarşısında məsuliyyətini ifadə edir. Vahid geyim qaydası məktəbdə ümumi nizam-intizamın qorunmasına, təhsil mühitində vahid yanaşmanın formalaşmasına və şagirdlərin diqqətinin zahiri fərqlərdən daha çox bilik və bacarıqların əldə edilməsinə yönəlməsinə kömək edir. Müəllimlər şəxsi nümunələri ilə şagirdlərdə məsuliyyət və nizam-intizam hissini gücləndirməli, valideynlər məktəblə əməkdaşlıq edərək övladlarının təhsil mühitinin qaydalarına əməl etməsinə dəstək göstərməlidirlər. Eyni zamanda, məktəbli formasının alınması ilə bağlı ailələrin sosial və maddi imkanları nəzərə alınmalı, heç bir şagird geyiminə görə ayrı-seçkiliyə və ya mənəvi təzyiqə məruz qalmamalıdır. Çünki təhsilin əsas prinsiplərindən biri hər bir uşağa bərabər münasibətin təmin edilməsidir. Bu gün Azərbaycanda təhsilin keyfiyyətinin yüksəldilməsi, gənc nəslin milli-mənəvi dəyərlərə bağlı, müasir dünyagörüşlü və vətənpərvər ruhda yetişdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Bu hədəflərə çatmaq üçün məktəbdə sağlam mənəvi mühitin, qarşılıqlı hörmətin və intizam mədəniyyətinin formalaşdırılması vacibdir. Şagirdin məktəbə səliqəli geyimdə gəlməsi də həmin mədəniyyətin görünən ifadələrindən biridir. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı proqram xarakterli nitqində ideoloji təhlükəsizlik məsələsini vurğulaması bu reallığın siyasi və ictimai əhəmiyyətini bir daha önə çıxarır. Müasir dünyada dövlətlərin qarşılaşdığı çağırışlar təkcə iqtisadi və hərbi sahələrlə məhdudlaşmır. İnformasiya məkanında təsir imkanlarının genişlənməsi, saxta məlumatların yayılması cəmiyyətin düşüncəsinə təsir göstərmək üçün yeni vasitələr yaradır. Belə şəraitdə gənclərin milli dəyərlərə bağlı, eyni zamanda müstəqil düşünən və məlumatları tənqidi qiymətləndirə bilən insanlar kimi yetişməsi xüsusi əhəmiyyət daşıyır. Şagirdlərin vahid məktəbli geyimi ilə bağlı tələblər də bu ümumi yanaşmanın tərkib hissəsidir. Geyim qaydalarının məqsədi yalnız xarici görünüşü nizamlamaqdan ibarət deyil. Vahid forma şagirdlər arasında məktəb kollektivinə aidlik hissini gücləndirməyə və tədris mühitində ümumi qaydaların formalaşmasına kömək edir. Eyni zamanda, belə tələblər bütün şagirdlərə əvvəlcədən bəlli olan, aydın və hamı üçün eyni şəkildə tətbiq edilən normalar əsasında həyata keçirilməlidir. Azərbaycanın dünyəvi dövlət modeli də məhz bu dəyərlərə hörmət, hüquq bərabərliyi və qanunun aliliyi prinsiplərinə əsaslanır. Dünyəvilik dini inancların inkarı deyil, dövlət idarəçiliyinin və ictimai münasibətlərin hüquqi normalar əsasında tənzimlənməsidir. Hər bir vətəndaşın dini etiqad azadlığının qorunması ilə təhsil müəssisələrində müəyyən edilmiş ümumi qaydalara riayət olunması bir-birinə zidd anlayışlar deyil. Əsas məsələ hüquq və azadlıqların qanunvericiliyə uyğun təmin edilməsi, ictimai maraqlarla fərdi hüquqlar arasında tarazlığın qorunmasıdır.  

Emin Feyzizadə  

YAP Tovuz rayon təşkilatının məsləhətçisi

Xəbəri paylaş: