“Azərsu” qənaət rejiminə keçdi - Qrafiklərdə dəyişiklik

img

Bakıətrafı ərazilərə içməli suyun verilməsi qrafikində dəyişiklik edilib.

Bu barədə Rezonans.az-a “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

A.Cəbrayıllı qeyd edib ki, “Azərsu” ASC-də sudan səmərəli və qənaətlə istifadə edilməsinə, bu sahədə təhlillərin aparılmasına dair xüsusi iclas keçirilib:

“İclasdan sonra müvafiq təhlil və araşdırmalar aparılıb. Qərar verilib ki, su itkiləri olan ərazilərdə suyun verilməsi qrafikində dəyişiklik edilsin. Biz bu qrafiki yay aylarında tətbiq edirdik. Amma qərar verilib ki, dəyişiklik fevral ayından olsun. Bakətrafı bəzi ərazilərdə mərkəzləşmiş şəbəkə yoxdur. Belə ərazilərdə primitiv şəbəkə qurulub. Bu da daha çox su itkisinə səbəb olur. Yaxud mərkəzləşmiş şəbəkəsi olan, amma kanalizasiya sistemi qurulmayan yerlərdə də su itkisi var. Ona görə də belə ərazilərdə suyun verilməsində tənzimləmə olacaq”.

Qurum rəsmisi deyib ki, artıq ötən həftədən yeni qrafikin tətbiqinə başlanılıb: “Samur çayında su ehtiyatının 2 dəfə azalması, həmçinin, “Taxtakörpü” su anbarında 50 milyon kubmetr ehtiyat qalması bizi buna vadar edir. Nəzərinizə çatdırım ki, ötən il “Taxtakörpü” su anbarıda 180 milyon kubmetr su ehtiyatı var idi. Bildiyiniz kimi, ölkə başçısnın sərəncamı ilə Su komissiyası yaranıb. Komissiyanın iclasında mənbələrdən götürülən su həcmlərinə qənaət olunması qərara alınıb. Məhz itkilərin qarşısının alınması ilə bağlı qənaət rejiminə keçilib. Bəzi ərazilərdə gecə suyun təzyiqi aşağı salınacaq, bəzi ərazilərdə, məsələn, qrafikə görə 14 saat su verilirsə, bu, 10 saata salınacaq, 12 saat su verilirsə, 8 saata salınacaq. Su komissiyasının iclasında qərar qəbul olunub ki, ümumilikdə Ceyranbatan gölündən götürülən suyun həcmi azaldılsın”.

Quru rəsmisi eyni zamanda abonentləri sudan qeyri-qanuni, uçotsuz istifadədən də çəkinməyə çağırıb. O deyib ki, israfçılığa yol verilməməlidir, qanunsuz su xətlərinin çəkilməsinə son qoyulmalıdır: "İnsanlar var, boş torpağı sulayır ki, sərinlik olsun. Hazırda təxmini 1 milyon 750 min abonentin 250 mininin sayğacı yoxdur. Sayğac olmayan ərazilərdə də böyük israfçılıq qeydə alınır. Bizim gördüyümüz bütün tədbirlər yay aylarında su qıtlığının yaşanmaması məqsədi daşıyır”.

Xəbəri paylaş: