“Qoşulmama Hərəkatı “peyvənd millətçiliyi”nə ciddi maneə oldu”

img

2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə 2019-2022-ci illər üzrə Qoşulmama Hərəkatına sədrliyinə başladı. Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın məqsədi ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir.

Pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı oldu. Yüz iyirmi dövlətin birləşdiyi və bir sıra təşkilatların müşahidəçi statusunda çıxış etdiyi Qoşulmama Hərəkatına dörd il uğurla sədrlik etmək və bu dövrdə təşkilatın təsir dairəsini genişləndirmək, nüfuzunu qat-qat yüksəltmək cənab Prezident İlham Əliyev apardığı uğurlu, tarazlı diplomatik siyasətinin nəticəsidir. Azərbaycan Prezidentinin təşkilata uğurlu sədrliyi üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir və insanların sağlamlığı, rifahı naminə həyata keçirilən tədbirlər demokratik ölkələr tərəfdən dəstəklənir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dönəmində Prezident İlham Əliyevin yürütdüyü siyasət təşkilatın beynəlxalq arenadakı mövqelərini gücləndirməyə xidmət edib. Müharibə şəraitində olmasına, pandemiyanın doğurduğu çətinliklərə baxmayaraq, dövlətimizin başçısının təşəbbüsü ilə 2020-ci ilin mayında Qoşulmama Hərəkatının COVID-19-la mübarizəyə həsr olunmuş sammitinin keçirilməsi, bir çox ölkələrə humanitar yardım göstərilməsi, dünyanın əksər dövlətlərinin amansız xəstəliklə bağlı mübarizəyə cəlb edilməsi məhz Prezident İlham Əliyevin gərgin səyləri nəticəsində mümkün oldu. Azərbaycan 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürmüşdür.

Zirvə toplantısında məlumat bazası hazırlamaq üçün Qoşulmama Hərəkatının İşçi Qrupunun yaradılması qərara alındı. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin ehtiyaclarını müəyyən etmək üçün sözügedən məlumat bazasına istinad edib. Qoşulmama Hərəkatı bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək üçün 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı oldu. Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə üçün qlobal səylərin səfərbər edilməsində liderliyi Hərəkatın nüfuzunu və məsuliyyətini bir daha nümayiş etdirdi. Cənab Prezidentin təşəbbüsü ilə Azərbaycan dövləti Qoşulmama Hərəkatının üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərib. Cənab Prezidentin zirvə görüşündə də bildirdiyi kimi COVID-19 pandemiyası dövründə olduğu kimi, Azərbaycan Qoşulmama Hərəkatının ehtiyacı olan üzv ölkələrinə maliyyə və humanitar yardım göstərməyə davam edəcək. Qoşulmama Hərəkatının sədri olaraq məqsədinin ədaləti və beynəlxalq hüququ müdafiə etmək kimi ali dəyərlərin olduğunu söyləyən dövlətimizin başçısı çıxışında qurumun BMT-dən sonra qlobal arenada ikinci ən böyük beynəlxalq təsisat kimi səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməli olduğunu vurğulayıb.

Prezident bu mötəbər təşkilatın fəaliyyətinə toxunaraq bəşəriyyətə faciələr yaşadan pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı olduğunu və bu təşkilatın səmərəli fəaliyyət göstərdiyini deyib. Prezident daha vacib bir məqama toxunaraq qeyd etdi ki, Qoşulmama Hərəkatı pandemiya ilə mübarizədə bir sıra varlı ölkələrin həyata keçirdiyi “peyvənd millətçiliyi”ni ciddi maneə kimi dəyərləndirdi. Beləliklə, adıçəkilən qurum bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək məqsədilə 2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnamənin təşəbbüskarı oldu. Onu da xüsusi olaraq vurğulamaq istəyirəm ki, Azərbaycan Hərəkatın institusional inkişafına güclü dəstək verir. Ölkəmiz Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış etdi. Şəbəkənin ilk iclası 2022-ci ilin iyun ayında Bakıda keçirilib. Hərəkata sədrlik dövründə təşkilatın Parlament şəbəkəsinin yaradılması mühüm hadisədir. Mill Məclisin sədri hörmətli Sahibə xanım Qafarovanın rəhbərliyi ilə parlament diplomatiyası Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində uğurla fəaliyyət göstərir. 2 mart tarixində Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü Qoşulmama Hərəkatının tarixində mühüm rol oynayacaq.

Bu sammitdə Azərbaycan Prezidentinin verdiyi mesajlar əslində, beynəlxalq siyasi prosesin gələcəyi üçün böyük əhəmiyyət kəsb edir. Bu sammit, eyni zamanda, dövlətimizin gücünün və beynəlxalq arenadakı mövqeyinin möhkəmliyinin real təsdiqi idi. Azərbaycan və onun liderinin siyasi gücü Qoşulmama Hərəkatının Bakı sammitində bir daha sübut olundu. Bu güc milli maraqlarımızın gerçəkləşməsi üçün ən ciddi amildir.

Milli Məcisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov

Xəbəri paylaş: