Vitse-spiker: “Aİ-nin cılız erməni maraqlarına yönələn siyasət yeritməsi qəbuledilməzdir”

img

“Erməni lobbisi ilə sıx təmasları olan, erməni maraqlarına xidmət edən, Ermənistanın təcavüzkar siyasətinə göz yuman, o cümlədən erməni işğalı nəticəsində öz yurd-yuvalarından didərgin düşən yüzminlərlə soydaşımızın hüquqlarının tapdalanmasına göz yuman Avropa Parlamenti ölkəmizə qarşı riyakar, qərəzli, heç bir reallığa əsaslanmayan qətnamələr və bəyanatlar qəbul edib. Bu sənəd bir daha göstərir ki, Avropa İttifaqının qanunverici orqanı konkret olaraq müəyyən siyasi dairələrin maraqlarına xidmət edirlər. Avropa İttifaqının qlobal və regional maraqlarını bir kənara qoyub dar və cılız erməni maraqlarına yönələn siyasət yeritməsi qəbuledilməzdir”.


Rezonans.az xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Fəzail İbrahimli deyib.

Vitse-spiker bildirib ki, qətnamədə Azərbaycanı 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın tələblərinə hörmət etməyə çağırış olunur: “Maraqlıdır, niyə bu çağırış Ermənistana səslənmir?! Çünki Azərbaycan öz üzərinə düşən bütün öhdəlikləri icra etdiyi halda, bu bəyannamənin 4-cü bəndini bu gün də Ermənistan icra etməyib. Belə ki, Ermənistanın silahlı tör-töküntüləri hazırda da sülhməramlıların nəzarəti altında olan ərazidə qalır və bu əraziyə yeni silahlar və qüvvələr gətirilir. Yolun bağlanmasından danışırlarsa, niyə 32 il blokadada saxlanılan Naxçıvanın 465 min nəfərin hüquqlarının təmin olunmasından danışılmır?! Azərbaycanın qərb rayonları ilə Naxçıvana manesiz keçidinin təmin edilməsi müddəası niyə gündəmə gətirilmir?! Daxili qaçqın və köçkünlərin Qarabağın dağlıq ərazisinə BMT -nin Qaçqınlar üzrə Ali Komisarlığının nəzarəti altında qaytarılması məsələsi niyə gündəmə gətirilmir?! Yəni 32 il öz hüquqlarından məhrum olunmuş azərbaycanlıların hüquq və azadlıqlarının bərpası bir dəfə də olsa Avropa parlamentində niyə müzakirəyə çıxarılmır?!

Avropa Parlamentinin erməni lobbisinin drijorluğu altında fəaliyyətinin tarixi kökləri var. Avropa Parlamentinin 1988-ci ildən üzü bəri Azərbaycanla bağlı çıxardığı qətnamələrin hamısı qərəzlidir. Məsələn, 1988-ci ilin 7 iyulunda qəbul etdikləri qətnamədə Ermənistanda vəziyyəti müzakirə edirlər və orada Azərbaycanı ittiham edirlər. Guya azərbaycanlılar erməniləri öz torpaqlarından qovur. Halbuki həmin ərəfələrdə Ermənistandan azərbaycanlılar kütləvi şəkildə təmizlənirdi. 


1989-cu ildə Avropa Birliyi yenidən qərəzli qətnamə qəbul edir. Qətnamədə açıq mətnlə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini tələb kimi qoyur. Bir maraqlı faktı da qeyd edim ki, 1990-cı ildə 20 Yanvar ərəfəsində 18 yanvarda Avropa Parlamenti yeni bir qətnamə qəbul edib Sovet İttifaqının rəhbərliyindən tələb edir ki, Bakıya ordu yeridilsin. İndi biz iddia etmirik ki, mütləq onların tələbi üzrə bu ordu yeridilib. Təbii ki, planlar olub. Müşahidə edəndə görürsən ki, bunlar illərlə erməni ansamblı ilə birlikdə işləyiblər”.


Milli Məclis sədrinin müavini əlavə edib ki, bir tərəfdən enerji təhlükəsizliyinin təmin olunması ilə bağlı Azərbaycanla ciddi müzakirələr aparan Avropa Birliyinin hökumət qurumları olan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və digər bir çox rəhbərlərinin Azərbaycan Prezidenti ilə səmimi münasibətlərini ortaya qoyur, Azərbaycanın nə dərəcədə vacib və lazımlı bir partnyor olduğunu dünya mediasının gözü qarşısında dəfələrlə ifadə olunur: “Digər tərəfdən isə Avropa Parlamenti Azərbaycan haqqında əcaib qətnamə qəbul edir. Təbii ki, bu hallar münasibətlərə kölgə salacaq və Azərbaycan xarici siyasət strategiyasına yenidən baxılmasının təməlini atmış olacaq.

Avropa Parlamentinin Azərbaycana münasibəti Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması istiqamətində nümayiş etdirdiyi səylərə və normallaşma prosesinə ziddir. Regionda Ermənistan tərəfindən yenidən genişmiqyaslı təxribatlar törədiləcəyi təqdirdə, bunun əsas günahkarlarından biri də məhz Ermənistanda revanşist qüvvələri təşviq edən Avropa Parlamenti olacaq.


Bir sözlə, biz sadəcə Avropa Parlamentinin qəbul etdiyi ədalətsiz sənədləri kağız parçası hesab edərək, bir kənara atacağıq.  Qoy Avropa Parlamenti bilsin ki, onların qəbul etdiyi qətnamələr bizim üçün heç bir əhəmiyyət kəsb etmir. Bu gün Avropanın keçmişinə baxsaq görərik ki, onlar o qədər qaniçən hərəkətlərə  yol veriblər ki, bu gün insanlıq bunlardan utanır. Qoy onlar  törətdikləri pisliklərə görə, müstəmləkəçiliyə görə Afrika ölkələrindən, kaloniya etdikləri xalqardan, korsikalılardan üzr istəsinlər.

Azərbaycanı hələ də 90-cı illərdəki zəif bir ölkə kimi görən bütün qüvvələr açıq şəkildə bilməlidirlər ki, bu gün Azərbaycan güclü və qüdrətli bir dövlətdir.


Avropa Parlamentinə bölgədə yaranmış yeni reallıqları qəbul etməklə burada yaşayan xalqların sülh və əmin-amanlıq içində yaşayışının təmin edilməsi üçün atılan addımlara dəstək verməyi məsləhət görürük. Azərbaycan öz xarici siyasətini yürüdərkən heç bir dövlətin və təşkilatın diqtəsi ilə hərəkət etmir. Bu günə qədər ona təmin olunmuş haqq və hüquqları yalnız və yalnız öz gücünə əldə edib. Əminəm ki, bundan sonra da atılacaq addımlar Azərbaycanın ədalətli şəkildə bütün problemlərin və proseslərin həll olunmasındakı rolunu daha da qüvvətləndirəcək”.

Xəbəri paylaş: