Azad Vətən Partiyası Siyasi Şurasının iclası keçirilib

img

Bu gün Azad Vətən Partiyası Siyasi Şurasının iclası keçirilib. 


Rezonans.az xəbər verir ki, siyasi Şuranın sədri Novruz Novruzbəyli yığıncağı açıq elan edib, gündəliyi təqdim edib, qərarların icrası və  görülən işlər barədə məlumat verib. 


İlk olaraq təşkilati məsələlərə baxılıb. Partiyanın Mingəçevir rayon şöbəsinin sədri Məmməd Sarıyevin səlahiyyətləri təsdiq olunub. Zəfər Yolçuyev, Gülçöhrə Məmmədzadə və Mehdi Məmmədov Siyasi Şuranın sərbəst üzvləri seçiliblər. Siyasi Şura üzvü Tacəddin Əyyubov isə partiyanın idarə heyətinin üzvü seçilib. 


Sonra partiya sədri Akif Nağı “Hazırkı vəziyyət və qarşıda duran vəzifələr” barədə məruzə edib. Qeyd edilib ki, ötən dövr ərzində əsas diqqət partiyalar haqqında yeni Qanunun tələblərinə uyğun olaraq imzatoplama prosesinə yönəldilib. Bununla əlaqədar AzVP-nin rəhbər heyəti sədr Akif Nağı başda olmaqla bölgələrdə silsilə görüşlər keçirib, partiya sıralarının genişləndirilməsi yolunda səmərəli təbliğati iş aparıblar. 


Hesabat və məruzə ətrafında Siyasi Şura üzvlərindən Haşim İsgəndərli, Afiq Axundov, Tağı Kazımov, Firuzə Əsədullayeva, Şaiq Süleymanov, Tacəddin Əyyubov, Sevinc Axundova, Novruz Əliyev və başqaları çıxış edərək fikir və mülahizələrini bildirib, ictimai-siyasi və sosial məzmunlu təkliflərini veriblər. 

Sonda müzakirə olunan məsələlər barədə qərar qəbul olunub, həmçinin Ermənistan siyasi rəhbərliyinin və Qarabağda məskunlaşmış quldur dəstələrinin regionda gərginliyi artırmaq üçün etdikləri cəhdlərlə bağlı bəyanat verilib. Bəyanatda deyilir: “Azad Vətən Partiyasının Siyasi Şurası regionda hazırkı gərgin vəziyyəti, Ermənistanın rəhbərliyi və Qarabağdakı terror qruplaşmasının təxribatçı hərəkətlərini, bəzi beynəlxalq qurumların və ayrı-ayrı dövlətlərin Azərbaycana qarşı qərəzli mövqelərinin regionda sülh və sabitliyin bərqərar olmasına xidmət etmədiyini qeyd edir.


44 günlük müharibə zəfərinin məntiqi sonluğa çatdırılması hazırda dövlətimizin və xalqımızın qarşısında duran əsas məsələdir. Qarabağda yurd salmış separatçı rejimin Rusiya sülhməramlılarına və Qərbdəki himayədarlarına arxalanaraq Azərbaycan qanunlarına tabe olmaması regionda durumu daim müharibə vəziyyətində saxlayır. Bu hal daimi sülhün təmin edilməsinə və regionun inkişafına imkan vermir. Separatçıların fəaliyyəti Ermənistan hökuməti tərəfindən dəstəklənir və idarə olunur. Artıq yeni müharibənin simptomları görünməkdədir. Ermənistan silahlı qüvvələrinin bölmələri və Qarabağdakı separatçı quldur dəstələri tərəfindən son vaxtlar Azərbaycan ordusunun  mövqeləri atəşə tutulur. Bu isə Azərbaycanın can atdığı sülh müqaviləsinin bağlanmasına mane olur. 


Azad Vətən Partiyası hesab edir ki, bayrağımızın Xankəndidə dalğalanması üçün təcili addımlar atılmalıdır. Düşmənin dinc vasitələrlə nizamlama prosesindən çəkildiyini nəzərə alaraq, tam qələbənin əldə edilməsi üçün antiterror əməliyyatına başlamalı, Azərbaycanın suveren hüquqlarının bərpa edilməsinə nail olmalıyıq”. 

Xəbəri paylaş: