Qəbələdə Novruz şənliyi keçirilib

img

Qəbələdə Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib. 


Rezonans.az xəbər verir ki, şənlikdə idarə, müəssisə və təşkilatların kollektivləri, ağsaqqallar, rayon ictimaiyyəti və şəhərimizin qonaqları iştirak edib. Ululuq və ağsaqqallıq rəmzi sayılan “Dədə Qorqud”, yazın müjdəçisi olan “Bahar qız” mərasimdə qəbələliləri təbrik edərək xalqımıza yeni ildə bol ruzi-bərəkət və əminamanlıq arzulayıb. 


Qədim ənənələrimizin canlandırıldığı teatrlaşdırılmış Novruz şənliyində Dədə Qorqud bayram tonqalını yandırmaqla bu şad gündə el-obanı birliyə, həmrəyliyə dəvət edib. Təşkil olunmuş sərgidə rayonun xalq sənətkarları tərəfindən hazırlanan əl işləri, dekorativ tətbiqi-sənət və rəsm nümunələri, eləcə də bayram şirniyyatları və Novruz xonçaları nümayiş olunub. 


Bayram mərasimində sərgilənən çoxəsrlik etnoqrafik milli-mənəvi mədəniyyət irsini, qədim milli adət-ənənələrimizi özündə əks etdirən folklor qruplarının ifası və milli musiqi nömrələri tədbir iştirakçılarının böyük marağına səbəb olub. 


Həmçinin tədbirdə yeniyetmə və gənc idmançılar müxtəlif idman növləri üzrə hərəkətlər nümyaiş etdiriblər. Novruz atributları ilə bəzədilən parkda keçirilən bayram tədbiri rayonun mədəniyyət işçilərinin hazırladıqları maraqlı konsert proqramı ilə davam edib. 


Novruzun əsas personajları olan Kosa və Keçəlin bir-birindən maraqlı çıxışları tamaşaçılarda xoş ovqat yaradıb.


Xəbəri paylaş: