Ülviyyə Ağayeva: "Uzun illər boyu bütün bayramlarımızı "Növbəti bayramı Qarabağımızda qeyd edək» arzusu ilə keçirirdik"

img

Artıq üçüncü ildir ki, Azərbaycan xalqı bayramlarını fərqli bir ruh, fərqli bir ahənglə qarşıladı. Artıq bu bayramlarda torpaqlarını itirmiş, ata-baba yurdlarından qovulmuş, məğlubiyyətlə barışmaq təzyiqinə müqavimət göstərməkdə olan xalqın nisgili qalmadı. Uzun illər boyu bütün bayramlarımızı  «O gün olsun ki, gələn il bu bayramı Qarabağımızda qeyd edək» arzusu ilə keçirirdik. O gün gəldi, biz o xoşbəxt günləri gördük, muradımıza qovuşduq. 


Azərbaycan xalqının ümummilli lideri, ulu öndəri Heydər Əliyevin hələ 1998-ci ildə böyük bir uzaqgörənlik və əminliklə söylədiyi “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”, – sözləri bu gün reallığa çevrilmişdir. Ulu öndərin həyatının ən ümdə amalı olan və vətən övladlarına səsləndirdiyi vəsiyyətini, bütün Azərbaycan xalqının arzusunu Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev həyata keçirdi. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu bu xoşbəxtliyi bizə yaşatdı. 


Bugün qəhrəman şəhidlərimizin əziz xatirəsini biz hörmətlə yad edirik, onların canı-qanı bahasına doğma torpaqlarımıza qayıtmışıq. Torpaqlarımız işğaldan azad edilib və bu gün biz Novruz bayramımızı bu torpaqlarda qeyd edirik. Biz artıq Novruz bayramımızı qədim mədəniyyət mərkəzimiz Şuşada da qeyd etmək xobəxtliyini yaşamışıq, Cıdır düzündə qələbə tonqallarımız qalanıb, cəngimizin sədaları oradan göylərə ucalıb.


Dövlət rəhbərinin  müdrik siyasəti altında bir gün azad ediləcək torpaqlarımızda bütün maddi və mədəni sərvətlərimizin əsl sahibi olduğumuzu sübut etmək, əsaslı zəmin hazırlamaq  istiqamətində işlər görülüb və görülməkdədir.


Bu sahədə aparılan ən mühüm fəaliyyət Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Məhz onun səmərəli fəaliyyəti və səyi nəticəsində musiqi mədəniyyətimizin inciləri olan muğam və aşıq sənəti, tar ifaçılıq sənəti, qədim tariximizin və mədəniyyətimizin ayrılmaz bir elementi olan ənənəvi atüstü oyun - çövkən, milli mədəniyyətimizin daha bir göstəricisi - Azərbaycan xalçası UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Onun bu sahədəki uğurlu fəaliyyətinin daha bir göstəricisi  xalqımızın qədim mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramımız – Novruz bayramı ilə bağlıdır. 

Novruz həyatın bütün sahələrində xalqımızın yüksək zövqü və bədii təfəkkürünü əks etdirir, bu bayramla bağlı olan el şənlikləri, rəngarəng əyləncələri, adət və ənənələri, xüsusi mətbəx mərasimləri və təamları onun  mənəvi dünyasını təzahür etdirir. Novruz  bayramı Azərbaycan xalqının mənəvi dünyasını, milli düşüncə tərzini, məfkurəsini, qədim mifik görüşlərini, folklorunu, milli varlığını bütün zənginliyi ilə özündə ehtiva edir. 


Xalqımızın bu təkrarolunmaz milli sərvətinin ümumdünya miqyasında tanınması və təsdiqlənməsi Azərbaycan mədəniyyəti tarixində baş verən daha bir mühüm hadisə olmuşdur. Bu bayramın belə bir mötəbər qurum tərəfindən tanınması və bilavasitə Azərbaycan xalqının qədim mədəniyyəti ilə bağlanması  qəlbimizdə dövlətimizin əbədi olacağına, çiçəklənəcəyinə və bir daha haqqının tapdanmayacağına, sərvətlərinin talan edilməyəcəyinə ümid və əminlik çırağı yandırır.



Ülviyyə Ağayeva

Milli Məclisin deputatı

Xəbəri paylaş: