
Polşa Ukraynaya daha 100 ədəd "Rosomak" zirehli texnikaları tədarük etməyə razılıq verib.
Rezonans.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
O bildirib ki, maşınların tədarükü barədə razılıq Polşaya rəsmi səfəri zamanı əldə olunub. Bundan əvvəl Polşa hökuməti 100 ədəd zirehli texnika verəcəyini açıqlayıb. Zelenski deyib ki, Varşava Kiyevi özüyeriyən minaatanlar, əlavə raketlər və MiQ təyyarələri ilə də təmin edir.
Qeyd edək ki, maşınların tədarük edilməsini Aİ və ABŞ maliyyələşdirir. Polşa mətbuatının məlumatına görə, zirehli texnika zavodu ildə 100 maşın istehsal edə bilər, lakin zavod iki növbədə işləməyə keçərsə, o zaman istehsal həcmi iki dəfə arta bilər.
"Rosomak" zirehli transportyorları Polşa Silahlı Qüvvələrinin flaqman texnikasıdır. Təkərli zirehli transportyor bir neçə modifikasiyada istehsal olunur.