
Təəssüf ki, Azərbaycanın sülhsevər siyasətinə, regionda davamlı sülhün və inkişafın təmin edilməsinə Ermənistan adekvat cavab vermədi. Görünən odur ki, Ermənistanın indiki rəhbərliyi də özündən əvvəlkilərin yolu ilə getməyə üstünlük verib.
Bunu Rezonans.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, Ermənistanın son zamanlar yürütdüyü siyasət, Paşinyanın provokativ açıqlamaları yeni təxribatların və insidentlərin qaçılmaz olduğunu göstərirdi. “Bəlli olduğu kimi, son zamanlar Ermənistan hakimiyyəti ritorikasını sərtləşdirib, irəli sürülən bütün təşəbbüsləri bloklama yolunu tutub, Azərbaycana qarşı əsassız iddialarla çıxışlarını artırıb. Aprelin 11-dəki növbəti təxribat, yəni, Ermənistan silahlı qüvvələrinin bölmələrinin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutulması da bunun məntiqi nəticəsidir”, - deyə o əlavə edib.
V.İskəndərov vurğulayıb ki, təxribatlar və Ermənistan hakimiyyətinin müharibə ritorikasını qabartması başqa bir məqamı da diqqət mərkəzinə gətirir. Söhbət Avropa İttifaqının missiyasının Ermənistana gəlməsindən gedir. Görünür ki, bu gəliş Ermənistan hakimiyyətini cəsarətləndirib. Ermənistanın siyasi və hərbi rəhbərliyi daha iddialı bəyanatlar verməyə başlayıb. Onlar hesab edirlər ki, Aİ missiyasının bu ölkədə olması öz iddialarını gerçəkləşdirmək üçün zəmin yaradıb. Lakin Ermənistan və onun xarici havadarları yaxşı bilsinlər ki, Azərbaycanın güclü ordusu var və şəhidlərimizin qanı yerdə qalmayacaq.
Ermənistan növbəti təxribatına və cinayətinə görə mütləq cavab verəcək.