Ulu öndər Heydər Əliyevin ana dilimizə və milli-mənəvi dəyərlərimizə verdiyi böyük töhfələr

img

    Dil mədəniyyətin bünövrəsidir, çünki dilin köməyi ilə ünsiyyət qurulur, mədəni normalar müəyyən edilir, bir sözlə, dilsiz insanın cəmiyyətdə həyatı mümkün deyil.

Məhz dilin sayəsində mədəniyyətlər nəsildən-nəsilə ötürülür və uşaqlar öz ana dillərini mənimsəyirlər.Hər bir xalqın, hər bir millətin var olmasının ən başlıca səbəbi özünəməxsus dilinin olmasıdır.Biz də fəxrlə deyə bilərik ki, bir xalq, bir millət kimi zamanın bütün sınaqlarından ləyaqətlə keçərək dilimizi, mənəvi dəyərlərimizi qoruyaraq bu günümüzə qədər gətirib çıxara bilmişik.

       Tarixə nəzər saldıqda Respublikamızın SSRİ-nın tərkibində olduğu vaxtda- 1978-ci ildə SSRİ-nin yeni Konstitutsiyası qəbul edilərkən Azərbaycan SSRİ-nin Konstitutsiyasında Azərbaycan dili dövlət dili kimi təsdiq edilmişdir. Rus dilinin hakim dil olduğu Sovetlər Birliyi dönəmində buna nail olmaq qeyri-real görünürdü. Lakin Heydər Əliyev dühası və cəsarəti sayəsində bu məsələ öz həllini tapdı.

       Ulu öndər Heydər Əliyevin o dövrdə xalqımız üçün necə böyük, müqəddəs iş görməsi bu gün aydın görünür. Heydər Əliyev Azərbaycan dilinə dövlət statusunun verilməsi məsələsini əhatəli, dərin məntiqi ilə əsaslandıraraq bu məsələni Azərbaycan xalqının xeyrinə həll edilmişdir.

      Ümummilli lider Heydər Əliyev ana dilinin saflığına çalışaraq rəsmi toplantılarda bu məsələ barədə öz prinsipial mövqeyini açıq-aydın, birbaşa bildirirdi. Azərbaycan yazıçılarının VII qrultayındakı nitqində Heydər Əliyev ana dili haqqında uca səslə, çəkinmədən deyirdi: “ Dil xalqın böyük sərvətidir. Əbədi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir...Azərbaycan dili görünməmiş zirvələrə qalxmış, müasir poeziyanın və nəsrin, elm və texnikanın, kargüzarlığın və fəal ictimai-siyasi həyatın hərtərəfli inkişaf etmiş dilinə çevrilmişdir.Biz tam inamla deyə bilərik ki, çoxəsirlik tariximizdə Azərbaycan dili heç vaxt belə zəngin, nüfuzlu və hörmətli olmamışdır.Lakin mədəniyyət və elmin səviyyəsi yüksəldikcə, həyatın axarı sürətləndikcə dilin təkmilləşməsinə, inkişaf etməsinə və zənginləşməsinə, onun söz ehtiyyatının genişlənməsinə daha çox qayğı göstərmək lazımdır”.   

      Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

     Ulu Öndər Heydər Əliyevin dil siyasəti, onun dilimizin inkişafı yolunda göstərdiyi tarixi xidmətlər əsl məktəbdir və bu məktəbin təcrübəsindən daima istifadə olunacaqdır.

     Ümummilli Lider Heydər Əliyev tərəfindən bu sahədə əsası qoyulmuş siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Cənab Prezident dilimizin qorunması və inkişafına böyük həssaslıqla yanaşır. Dövlətimizin başçısının bu sahədə imzaladığı Fərman və sərəncamlar ana dilimizin saflığının qorunması, inkişafı istiqamətində əsas amildir və ana dilimizə qayğının bariz nümunəsidir. 


Aynur Quliyeva

YAP Yevlax rayon təşkilatının əməkdaşı

Xəbəri paylaş: