"Qarabağ" bu gün çempionluğu rəsmiləşdirə bilər

img

Aprelin 24-də futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun oyunlarına start verilib.

 

Rezonans.az xəbər verir ki, turun bütün matçları eyni gündə baş tutacaq.

 

Günün ilk matçında 55 xalla lider olan "Qarabağ" 35 xalla 4-cü sıradakı "Qəbələ"nin qonağı olacaq. "Köhlən atlar" qələbə qazansa, ölkə çempionluğunu vaxtından əvvəl rəsmiləşdirə bilər. Bunun üçün "Neftçi"nin "Səbail" səfərində xal itirməlidir.

 

Komandalar ölkə çempionatlarında 53 dəfə üz-üzə gəliblər. Bunların 28-də Ağdam təmsilçisi, 10-da meydan sahibləri qələbə qazanıb. Topların nisbətində də "Qarabağ"ın aşkar üstünlüyü var - 83:43. "Qırmızı-qaralar" Premyer Liqada 15 oyundur qalib gəlmir. Qonaqlar isə son iki səfər görüşündə qol buraxmayıb.

 

Günün ikinci matçında avrokuboklara iddialı "Sabah" "Şamaxı"nı qəbul edəcək. Paytaxt klubu 32 xalla 5-ci, əyalət təmsilçisi 20 xalla 6-cıdır. Bu, tərəflərin Premyer Liqada 14-cü oyunu olacaq. Əvvəlki 13 qarşılaşmanın 5-də "Şamaxı", 3-də "Sabah" meydanı 3 xalla tərk edib. Topların nisbətində də qonaqlar öndədir - 15:9. "Sabah” son iki matçda qələbə qazanıb. “Şamaxı” səfərdəki bütün oyunlarda qol vurub.

 

Avrokuboklara digər iddialı komanda "Zirə" "Sumqayıt"la üz-üzə gələcək. "Qartallar" 39 xalla 3-cü, meydan sahibləri 15 xalla 7-ci pillədədir. Komandalar Premyer Liqada 26 dəfə üz-üzə gəliblər. Bunların 13-də paytaxt klubu, 6-da "gənclik şəhəri" təmsilçisi qalib gəlib. Topların nisbətində "Zirə" öndədir - 34:21. Qonaqlar son 3 oyunda qalib gəlib. “Sumqayıt” son 5 qarşılaşmada qol vurmayıb.

 

Bu tur "Neftçi" avrokuboklara vəsiqəni təmin edə bilər. "Ağ-qaralar" "Səbail"i məğlub edəcəyi təqdirdə istəyinə çatacaq. Son ölkə çempionu 44 xalla ikinci, "dənizçilər" 14 xalla sonuncu - 8-ci yerdədir. "Neftçi" Premyer Liqada rəqibinə 13 dəfə qalib gəlibsə, yalnız 2-də uduzub. 3 matçda isə heç-heçə qeydə alınıb. Topların nisbətində də flaqmanın aşkar üstünlüyü var - 40:11. Neftçi” ardıcıl 7 oyundur qələbə qazanır. “Səbail” son iki oyunda qol vurmayıb.

 

Azərbaycan Premyer Liqası, XXIV tur

24 aprel (bazar)

 

17:30. “Qəbələ” – “Qarabağ”

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Rəşad Əhmədov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Seymur Səlimli

Qəbələ şəhər stadionu

 

18:30. “Sabah” – “Şamaxı”

Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Eyyub İbrahimov, Əliyar Ağayev

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Aslan Şahgəldiyev

“Bank Respublika Arena”

 

20:00. “Sumqayıt” – “Zirə”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Rüfət Əmirov

“Kapital Bank Arena”

20:00. “Səbail” – “Neftçi”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüsal Məmmədov, Rauf Allahverdiyev

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Bəhram Qurbanov

“ASCO Arena”.

Xəbəri paylaş: