Sahibə Qafarova Macarıstanın vitse-spikeri ilə görüşüb

img

Milli Məclisin sədri Sahibə Qafarova mayın 17-də Macarıstan Milli Assambleyasının sədr müavini Şandor Lejakla görüşüb.

 

Bu barədə Rezonans.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

Spiker, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Milli Məclisinin xüsusi iclasında iştirakına görə qonağa təşəkkürünü bildirib. O, müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin dövlətçiliyimiz və xalqımız qarşısındakı misilsiz xidmətlərdən danışıb.

 

Görüşdə qeyd olunub ki, Azərbaycan və Macarıstan dost ölkələrdir. Ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olub. Qarşılıqlı etimada və dəstəyə əsaslanan siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq dinamik inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, kənd təsərrüfatı, təhsil və digər sahələrdə fəal əməkdaşlıq mövcuddur.

 

Vurğulanıb ki, ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlər və görüşlər müstəsna rol oynayır. Xüsusilə, Azərbaycan Prezidenti İlham Əliyevin bu il yanvarın 30-da Macarıstana son rəsmi səfərinin, səfər çərçivəsində imzalanmış Strateji Tərəfdaşlığın Dərinləşdirilməsi haqqında Birgə Bəyannamənin əhəmiyyəti diqqətə çatdırılıb.

 

Görüşdə həmçinin, Azərbaycanın Avropanın, o cümlədən, Macarıstanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolu qeyd edilib.

 

Ölkələrimizin beynəlxalq və regional təşkilatlarda sıx əməkdaşlıq etdiyinin və bir-birini dəstəklədiyinin qeyd olunduğu görüşdə, həmçinin bildirilib ki, ölkələrimiz arasında yüksək səviyyəli əlaqələr qanunvericilik orqanları tərəfindən də davam etdirilir. Özünün 2021-ci ildə Macarıstana rəsmi səfərini məmnunluqla xatırlayan Milli Məclisin sədri Sahibə Qafarova, səfər və keçirdiyi görüşlər barədə xoş təəssüratlarını bölüşüb. Qeyd olunub ki, parlamentlərimizin milli nümayəndə heyətləri beynəlxalq parlament təşkilatları çərçivəsində səmərəli əməkdaşlıq edirlər.

 

Söhbət zamanı Azərbaycan və Macarıstan arasında humanitar, o cümlədən, təhsil sahəsində əməkdaşlıq məsələlərindən də danışılıb.

 

Səfərə dəvətə və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Macarıstan Milli Assambleyasının sədr müavini Şandor Lejak, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasının yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırıb. O, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin qlobal fəaliyyəti, dost ölkələrimiz arasında münasibətlər haqqında müsbət fikirlərini ifadə edib.

 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələr barədə də fikir mübadiləsi aparılıb.

Xəbəri paylaş: