Milli Məclisin sədri Sahibə Qafarova parlamentin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirak etmək üçün Azərbaycanda səfərdə olan Belarus Milli Məclisinin Respublika Şurasının sədr müavini Valeri Belski və Nümayəndələr Palatasının sədr müavini Valeri Mitskeviç ilə görüşüb.
Bu barədə Rezonans.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Sahibə Qafarova Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi ilə bağlı Milli Məclisin xüsusi iclasında iştiraklarına və iclasda söylədikləri səmimi sözlərə görə hər iki vitse-spikerə minnətdarlığını bildirib.
Qonaqlar bu əlamətdar iclasa dəvətə və tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürlərini ifadə ediblər. Qeyd olunub ki, dünya miqyaslı siyasi xadim Heydər Əliyevin əziz xatirəsi Belarusda da böyük ehtiramla yad edilir.
Söhbət zamanı Ulu Öndər Heydər Əliyevin mənalı həyat yolu, zəngin dövlətçilik təcrübəsi barədə danışılıb, onun Azərbaycanın müstəqilliyinin qorunması və inkişaf etdirilməsi sahəsində gördüyü işlər xüsusi vurğulanıb.
Bildirilib ki, Ulu Öndər həm keçmiş Sovetlər dövründə, həm də müstəqillik illərində Azərbaycana böyük uğurla rəhbərlik edib. Azərbaycan xalqı onun müstəqilliyini əbədi və dönməz edən böyük oğlunun xatirəsini həmişə ehtiramla yad edir. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən regional və beynəlxalq layihələr bu gün də öz bəhrəsini verməkdədir. Ulu Öndərin müəyyən etdiyi yol bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadi qüdrətinin gücləndirilməsi və ölkəmizin beynəlxalq nüfuzunun artması istiqamətində mühüm addımlar atılır.
Söhbət zamanı ölkələrimizin parlamentlərarası əməkdaşlığının daha da genişləndirilməsinin vacibliyi qeyd olunub, bu baxımdan parlament dostluq qruplarının əhəmiyyəti xüsusi vurğulanıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.