“Bizim Ermənistana qarşı ərazi iddialarımız yoxdur” - Prezident

img

“Mən, əlbəttə, diskussiya açmaq istəmirəm. Lakin Ermənistana qarşı ərazi iddialarımızın olması barədə ittihamlar səsləndiyinə görə demək istəyirəm ki, bizim belə iddialarımız yoxdur”.

Rezonans.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı zamanı deyib.

“Mənim sözlərimdə ərazi iddialarının olmamasını görmək üçün yaxşı səy göstərmək və ya güclü fantaziyaya malik olmaq lazımdır. Mənim istifadə etdiyim “dəhliz” sözünə gəldikdə, o zaman mən bu kəlməni dəqiq olaraq “Şimal-Cənub” dəhlizinə münasibətdə də işlətmişəm, bu söz elə həmin dəqiqliklə “Şərq-Qərb” dəhlizinə münasibətdə də istifadə olunur.

“Dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və düşünürəm, beynəlxalq terminologiya ilə tanış olan insanlar yəqin ki, ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər. Vladimir Vladimiroviçin dediyi kimi və Ermənistanın rəsmən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını nəzərə alsaq, hesab edirəm ki, sülh sazişinə nail olmaq üçün imkanlar var. Sağ olun” , - deyə Azərbaycan Prezidenti bildirib.

Xəbəri paylaş: