Ombudsmanın Regional Mərkəzləri tərəfindən hüquqi maarifləndirmə tədbirləri keçirilib YENİLƏNİB

img

Ombudsmanın Şimal Regional Mərkəzi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar hüquqi maarifləndirmə tədbirləri keçirilib.


Rezonans.az xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə ənənəvi olaraq 18 may-18 iyun tarixləri arasında keçirilən “İnsan Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın Şimal Regional Mərkəzi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbirlər təşkil edib. 


Quba rayonu Mirzəqışlağ kənd tam orta məktəbində, Quba şəhər Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlar üçün Tam Orta İnternat Məktəbində və Xüsusi Peşə məktəbində təşkil olunan tədbirlərdə Regional Mərkəzin rəhbəri Bəhruz Əfəndiyev Ombudsman Səbinə Əliyevanın adından tədbirlərdə iştirak edən uşaqları 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib. Uşaqların müdafiəsi və inkişafı ilə bağlı qlobal səviyyədə məlumatlılığı artırmaq məqsədi daşıyan bu günün əhəmiyyəti barədə danışan B.Əfəndiyev uşaq hüquqlarının müdafiəsinin Ombudsmanın fəliyyətinin əsas istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb.


Tədbirlərdə, həmçinin uşaq hüquqlarına dair milli və beynəlxalq sənədlərdə təsbit edilmiş müddəalar və Ombudsman təsisatının uşaq hüquqlarının təmin olunması sahəsində həyata keçirdiyi fəaliyyət barədə geniş məlumat verilib.


Ombudsmanın Cənub Regional Mərkəzi tərəfindən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib


Rezonans.az xəbər verir ki, Ombudsmanın Cənub Regional Mərkəzi tərəfindən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “Uşaqlara qayğı xalqın gələcəyinə qayğıdır” mövzusunda Masallı rayonu Öncəqala kənd Ə.Məmmədov adına tam orta məktəbində, Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbində və Lənkəran şəhər O.Mirzəyev adına Qarışıq Tipli Uşaq Evində silsilə tədbirlər keçirilib.


Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Z.İsmayılov keçirilən tədbirlərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili xanım Səbinə Əliyevanın adından uşaqları salamlayaraq, onları təbrik edib. 


Ombudsmanın fəaliyyətində uşaq hüquqlarının müdafiəsinə xüsusi diqqət yetirildiyini qeyd edən Z.İsmayılov bu sahədə həyata keçirilən fəaliyyətlər barədə tədbir iştirakçılarına geniş məlumat verib. 


Tədbirlərdə, həmçinin uşaq hüquqlarının müdafiəsi ilə bağlı milli qanunvericilikdə təsbit olunmuş müddəalar və ölkəmizin iştirakçısı olduğu beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklər barədə məlumat verilib. 


Ombudsmanın Şimal-Qərb Regional Mərkəzi tərəfindən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbirlər keçirilib.


Rezonans.az xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal-Qərb Regional Mərkəzi  tərəfindən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Şəki şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyaya və Şəki Qarışıq Tipli Uşaq Evinə başçəkmələr, həmçinin qeyd olunan müəssisələrdə və Şəki şəhər 3 saylı tam orta məktəbdə müəllim və şagirdlərin iştirakı ilə insan hüquqlarına dair maarifləndirici tədbirlər keçirilib. Tədbirlər zamanı iştirakçılara Ombudsmanın mandatı və uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət barədə məlumat verilib. 


Başçəkmələr zamanı müəssisələrin sinif otaqlarına, mətbəx və yeməkxanalara, ərzaq anbarlarına, oğlanlar və qızlar üçün yataqxanalara, tibb məntəqələrinə, sanitariya qovşaqlarına, hamam, camaşırxanalara, idman zallarına baxış keçirilib, uşaqların hüquqlarının təmini vəziyyəti öyrənilib.

Xəbəri paylaş: