Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının tədbirlər planına uyğun olaraq 09 iyun 2023-cü il tarixdə Göygöl Gənclər evində keçirilən dəyirmi masada YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Gənclər və İdman idarəsinin rəisi Zaur Abbasov, Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə, Polis Şöbəsinin azyaşlılarla iş üzrə baş inspektoru Vüqar Məmmədov, Göygöl rayon İrəvan İdman Klubunun rəhbəri Fəxri Cəfərov, Aşihara Karate İdman klubunun rəhbəri Cavid Əsgərov, QHT nümayəndələri və fəal gənclər iştirak ediblər.
Rezonans.az xəbər verir ki, ilk öncə Azərbaycan Respublikasının qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev giriş sözü ilə tədbiri açaraq, keçirilən tədbirin gənclərin mənəvi əxlaqi tərbiyəsi və onlar arasında narkomanlığın və digər mənfi meyllərin aradan qaldırılması məqsədi daşıdığını vurğulamış, gənclərə göstərilən dövlət qayğısından söhbət açaraq qeyd etmişdir ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq müasir dünyada son dərəcə mürəkkəb ictimai təhlükəli hadisədir. Onun vurduğu saysız-hesabsız ziyanın həcmi çox böyükdür və praktiki olaraq, heç bir ölçüyə sığmır. Bu, narkotik istifadəçisinin şəxsiyyətinin deqradasiyası, müxtəlif cinayətlər törədilməsinə təkan, cəmiyyətin maddi texniki və intellektual potensialının aşağı düşməsi, genefondun pisləşməsi və bir çox digər hallardır. Cinayətkarlığın artmasına səbəb olan narkotiklərin qanunsuz dövriyyəsi eyni zamanda terrorizmin maliyyə mənbəyi olmaqla beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biri kimi çıxış edir.
Ölkəmizdə ilk dəfə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər ümummilli lider Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli Fərmanında öz əksini tapmaqla, sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması, narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmiş, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətləri dəqiq göstərilmişdir.
Bu strateji kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməklə, problemə dəyişən şəraitə və tələblərə uyğun yanaşılması əsas vəzifələrdən birinə çevrilmişdir. Bu sahədə ölkəmizdə qətiyyətli mübarizənin təmin edilməsi məqsədi ilə “Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramları” qəbul edilmişdir.
YAP fəalı Ceyhun İsgəndərov “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda məruzə ilə çıxış etmişdir.
Digər çıxış edənlərdən Göygöl rayon Polis Şöbəsinin azyaşlılarla iş üzrə baş inspektoru polis mayoru Vüqar Məmmədov, Gənclər və İdman idarəsinin rəisi Zaur Abbasov, Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə, Göygöl rayon İrəvan İdman Klubunun rəhbəri Fəxri Cəfərov, Aşihara Karate İdman klubunun rəhbəri Cavid Əsgərov, YAP fəalı İlkin Məmmədov narkomaniyanın törətdiyi fəsadlardan geniş söhbət açmış, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə işində hamılıqla mübarizə aparmağın vacib olduğunu bildirmişlər.
Tədbirin sonunda narkomaniyanın törətdiyi fəsadlara dair hazırlanmış videoçarx nümayiş olunmuşdur.










