Milli Məclisin Səhiyyə komitəsinin iclası keçrilib

img

İyunun 20-də Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib. İclası açan komitə sədri Əhliman Əmiraslanov bildirib ki, gündəliyə 2 məsələ daxil edilib. Bunlar - birinci oxunuşda olan “Dərman vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi və ikinci oxunuş olan “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsidir.

Rezonans.az xəbər verir ki, Əhliman Əmiraslanov birinci məsələ ilə bağlı məlumat vermək üçün sözü Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyevə təqdim edib.

Adil Vəliyev bildirib ki, layihədə qanuna 4 yeni maddənin əlavə olunması, 18 yeni anlayışın təsbit edilməsi, eyni zamanda 11 maddə üzrə 86 dəyişikliyin aparılması təklif olunub.

Adil Vəliyev qanun layihəsində irəli sürülən dəyişiklikləri 7  istiqamət üzrə sistemləşdirərək diqqətə satdırıb. O, bildirib ki, layihədə  1-ci istiqamət üzrə dəyişikliklər dərman vasitələrinin xarici qeydiyyatının tanınması ilə bağlıdır. Belə ki, sənəddə dünya praktikası əsas götürülərək ümumdünya, Avropa və aparıcı ölkələrin meyarları nəzərə alınmaqla dərman vasitələrinin xarici (beynəlxalq) qeydiyyatının tanınması nəzərdə tutulub.2-ci istiqamət üzrə dəyişikliklərdə dərman vasitələrinin xarici (beynəlxalq) qeydiyyatının  tanınaraq dövlət reyestrinə daxil edilməsi üçün tələb olunan sənədlərin sayı azaldılır, bütövlükdə qeydiyyat prosesi sadələşdirilir və surətləndirilir. Bununla yanaşı dərman vasitələrinin ölkəyə gətirilməsi məqsədilə qeydiyyatı üçün müraciət edə biləcək tərəflərin dairəsi genişləndirilir.

3-cü istiqamət üzrə dəyişiklik dərman vasitələrinin dövriyyəsinə nəzarəti təmin etmək məqsədilə Səhiyyə Nazirliyi tərəfindən aparılan elektron təqib və izləmə  sisteminin tətbiq edilməsini  nəzərdə tutur. 4-cü istiqamət üzrə dəyişiklik reseptlərin elektron formada yazılmasına imkan verən sistemin tətbiqini nəzərdə tutur.

5-ci istiqamət üzrə dəyişikliklərdə dərman vasitələrinin  topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənməsi təsbit olunub. 6-cı istiqamət üzrə dəyişikliklərdə isə bioloji aktiv qida əlavələri ilə əlaqədar tənzimləmələr təkmilləşdirilir.

Digər yenilikləri nəzərdə tutan 7-ci istiqamət üzrə dəyişikliklər barədə məlumat verən Adil Vəliyev bildirib ki, bu normalarda tibb vasitələrinin və dərmanların idxalı, sertifikatlaşdırılması, reyestrinin aparılması, reseptlərin yazılması proseduru, qaydaları və tələbləri müəyyən edilib.

Sonra komitə sədri Əhliman Əmiraslanov qanun layihəsi ilə bağlı fikirlərini bildirib. Sənədin hazırlanmasına prosesindən söz açan komitə sədri layihə üzərində aparılan irihəcmli işi yüksək dəyərləndirib, təklif olunan dəyişikliklərin və yeniliklərin aktuallığını vurğulayıb.

Komitə sədri səhiyyədə deputatları və vətəndaşları narahat edən bir çox məsələlərin sənəddə öz əksini tapdığını deyib. Layihənin qəbulunun dərmanların dövlət qeydiyyatının, ekspertizanın sadələşdirilməsinə səbəb olacağını deyən komitə sədri dərman vasitələrinin keyfiyyətinə nəzarət sisteminin təmin olunmasının əhəmiyyətinə diqqət çəkib. Əhliman Əmiraslanov dərmanların qiymətlərinin optimallaşdırılması, antibiotiklərin və bioloji aktiv əlavələrin apteklərdən buraxılışı kimi səhiyyənin aktual məsələləri ilə bağlı fikirlərini bölüşüb.

Qanun layihəsinin müzakirəsində komitə üzvləri Soltan Məmmədov,  Məlahət İbrahimqızı, Müşfiq Məmmədli, Sədaqət Vəliyeva, İlham Məmmədov, Kamilə Əliyeva,  Kəmaləddin Qafarov çıxış ediblər. Müzakirəyə çıxarılan qanun layihəsində təsbit olunan dəyişiklikləri mütərəqqi dəyişikliklər kimi xarakterizə edən millət vəkilləri bildiriblər ki, sənəddə təklif olunan yeniliklərin tətbiqi ilə dərman bazarında vətəndaşları narahat edən bir çox məsələlər öz həllini tapacaq. Qanun layihəsi ilə bağlı qeydlərini  səsləndirən deputatlar tibbi vasitələrin sertifikatlaşdırılması, idxalçıların dərman anbarlarının zəruri tələblərə cavab verməsi, tibbi protokollara əməl olunması kimi məsələlərlə bağlı fikirlərini bildiriblər, suallarını səsləndiriblər.

Sonra səhiyyə nazirinin müavini Rasim İsmayılov deputatların qaldırdıqları məsələlərə aydın gətirib, suallarını cavablandırıb. Nazir müavini  dərmanları tanınma rejiminin tətbiqi, dərman vasitələrinin dövriyyəsinə nəzarətin təmini üçün aparılacaq elektron təqib və izləmə sistemi, dərmanların keyfiyyət məsələsinə nəzarət mexanizmi barədə məlumat verib. 

Sonra qanun layihəsi birinci oxunuşda baxılması üçün Milli Məclisin iclasına tövsiyə olunub.Gündəliyin ikinci məsələsi olan “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verən Səhiyyə komitəsinin

sədri Əhliman Əmiraslanov bildirib ki, layihənin birinci oxunuşda müzakirəsindən sonra sənədlə bağlı komitəyə heç bir irad və təklif daxil olmayıb.

Deputatlar bu qanun layihəsini də ikinci oxunuşda baxılması üçün Milli Məclisin iclasına tövsiyə ediblər.

Xəbəri paylaş: