Rusiya Prezidenti Vladimir Putin Soçidə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdə ona TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmanın Türkiyə liderinin həyatı və siyasi karyerasından bəhs edən sənədli filmini təqdim edib.
Rezonans.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Qusman “Hakimiyyət formulu” silsiləsinə aid olan növbəti filmini iyunda təqdim edib.
Təxminən 25 dəqiqə davam edən filmə Qusmanla Ərdoğanın dörd müsahibəsindən fraqmentlər daxil edilib (birinci müsahibə 2005-ci ildə, Ərdoğan Türkiyənin Baş naziri olarkən alınıb).
Film Ərdoğanın uşaqlıq, məktəb və universitet illərindən bəhs edir. Türkiyə lideri qeyd edib ki, o, təxminən, 17 yaşında siyasətlə məşğul olmağa başlayıb, gənclər, rayon təşkilatlarında, partiya orqanlarında çalışıb, daha sonra İstanbulun bələdiyyə sədri olub. Ərdoğanın sözlərinə görə, hakimiyyət zəhmət və böyük məsuliyyət tələb edir, siyasət isə risk deməkdir. Filmdə liderin şəxsi həyatından da danışılıb: gələcək həyat yoldaşı ilə tanışlıq tarixçəsi, dinə münasibət, futbola sevgi.
Qusman qeyd edib ki, Ərdoğanın hakimiyyət zirvəsinə gedən yolu asan olmayıb, lakin ölkəyə rəhbərlik etdiyi illər ərzində o, Türkiyənin daha da güclənməsini təmin edə bilib və nəticədə, dünyada onun rəyi nəzərə alınır.
Bu ilin mayında Türkiyədə prezident seçkiləri keçirilib və Ərdoğan ikinci turda 52,18% səslə qalib gəlib.