“Bunu etməsələr də, Türkiyə Türkiyədir, yoluna davam edəcək" - Ərdoğan

img

Prezident Rəcəb Tayyib Ərdoğan Qida Təhlükəsizliyi İşçi Qrupunu tezliklə toplayacaqlarını bildirib.

Rezonans.az xəbər verir ki, Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən G-20 Sammiti ilə bağlı beynəlxalq mətbuat konfransında çıxışında R.T.Ərdoğan deyib: “Taxıl məsələsində Rusiyanı kənarda qoyan bir prosesin davamlı olması mümkün deyil. Qlobal ərzaq təhlükəsizliyinə töhfə vermək üçün biz tezliklə Qida Təhlükəsizliyi İşçi Qrupunu çağıracağıq. Hesab edirik ki, Qara dənizdə sülhü pozacaq və regionda gərginliyi artıracaq istənilən addımdan çəkinmək lazımdır”.

Müxtəlif ölkələrdə Qurani-Kərimə edilən hücumlara da toxunan Türkiyə prezidenti bunları söyləyib: "Qurani-Kərimi polisin himayəsi altında yandırmaq açıq-aşkar təxribat və nifrət cinayətidir. Heç kim bizdən bu barədə susmağımızı gözləməsin. Ölkəmizin təklifləri və səyləri ilə müqəddəs kitablara edilən hücum da G-20 bəyannaməsində qınanıldı.

İslama qarşı düşmənliyin artdığı bütün ölkələr indi daha qətiyyətli siyasət yürütməlidir”

Prezident Ərdoğan İsveçin NATO-ya üzvlüyü ilə bağlı “Türkiyə Böyük Millət Məclisində belə bir qərar qəbul olunmayınca “hə” deməyim mümkün deyil” deyib.  

Sammitdə Amerika Birləşmiş Ştatlarının prezidenti Co Baydenlə qısa görüşü xatırladan Türkiyə prezidenti “Orada Türkiyənin “F-16” almaq məsələsini də müzakirə etdik. Amma təəssüf ki, “F-16” ilə bağlı işlər kənara qoyub “İsveç, İsveç” deyirlər. Bu yanaşma bizi ciddi şəkildə narahat edir” deyə bildirib.

Türkiyənin Avropa İttifaqında (Aİ) üzvlük məsələsinə toxunan Ərdoğan bu barədə "Avropa İttifaqına üzv ölkələr 50 ildir bizi başdan eləyirlər, bu səfər də elə etdilər. Bizi dayandırsalar da, üzv etməsələr də, Türkiyə Türkiyədir, biz yolumuza davam edəcəyik" deyib.

Xəbəri paylaş: