Bütün rayonlarımız kimi Cəbrayıl rayonunda da sürətlə bərpa-quruculuq işləri gedir

img

Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunandan sonra biz artıq əvvəlki kimi rayonlarımızın düşmən tərəfindən işğal edildikləri günləri yox, onların düşmən işğalından azad olunduğu şanlı tarixləri qeyd edirik. Cənab Prezident tarixi qələbəni və şanlı tarixləri əbədiləşdirmək məqsədi ilə cari ilin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə Sərəncam imzalamışdır. 


4 oktyabr 2020-ci il Cəbrayıl rayonunun erməni işğalından azad olunduğu gündür. Cənab Prezidentin qeyd etdiyim sərəncamına uyğun olaraq bundan sonra 4 oktyabrı Cəbrayıl şəhəri günü kimi qeyd edəcəyik. 


Hələ 1994-cü ildə  Horadiz əməliyyatı zamanı Cəbrayılın  Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. 2016-cı il aprel döyüşləri zamanı düşmən işğalından azad edilmiş məşhur Lələtəpə yüksəkliyi də Cəbrayıl rayonu ərazisində yerləşir. Vətən Müharibəsi başladıqdan sonra Azərbaycan ordusunun ilk azad etdiyi kəndlər içərisində də Cəbrayılın kəndləri vardı. Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri Vətən Müharibəsinin ilk günü düşmən işğalından azad olunmuşdu. Ümumilikdə Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində 1 şəhər və 90 kənd işğaldan azad edilmişdir.


Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin körpüdə Azərbaycan bayrağını ucaltması Vətən Müharibəsi tarixinə qızıl hərflərlə yazılmış şanlı hadisələrdən  biridir..


Cəbrayıl Azərbaycanın həm tarixi-mədəni abidələri, həm də təbii sərvətləri ilə zəngin rayonlarındandır. Təəssüflər olsun ki, rayonda yerləşən Sultan Məcid hamamı, Dairəvi Türbə, Qız qalası, Xudafərin körpüləri, digər türbələr, məqbərələr və tarixi abidələr işğal zamanı məhv edilmiş və ya dağıntıya məruz qalmışdır. 


Cəbrayıl həm də strateji baxımdan əlverişli mövqedə yerləşir. Məhz Cəbrayıl azad olunandan sonra strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirilməsi üçün əlverişli şərait yaranmışdır.


İşğaldan sonra Cəbrayıldan olan həmvətənlərimiz Respublikamızın digər rayonlarında məskunlaşmışdı. Məcburi köçkünlərimizin pozulmuş hüquqları 30 il boyunca  heç bir beynəlxalq təşkilat tərəfindən bərpa edilməmiş, onlara lazımı hüquqi qiymət belə verilməmişdi. Biz torpaqlarımızı düşmən işğalından azad etməklə həm də minlərlə məcburi köçkünün doğma torpaqlarında yaşamaq hüququnu bərpa etmişik.  


Bu gün işğaldan azad olunmuş bütün rayonlarımız kimi Cəbrayıl rayonunda da  sürətlə bərpa-quruculuq işləri gedir. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Cəbrayıl yarımstansiyası istifadəyə verilib və Cəbrayıl rayonunun elektrik təchizatı təmin olunub.  Rayonun və kəndlərin bərpa proqramı təsdiq edilib, Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Bütün layihələrin həyata keçirilməsinə cənab Prezident özü şəxsən nəzarət edir. Müharibənin bitməsindən sonra cənab Prezident dəfələrlə işğaldan azad olunmuş ərazilərimizə səfər edib, o cümlədən  Cəbrayıl rayonuna yeddi səfər təşkil olunub. 


Vətən Müharibəsi başa çatdıqdan sonra 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edilmiş və igidliyinə görə fərqlənən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 mindən çox hərbi qulluqçusu bu medalla təltif edilmişdir. 


4 oktyabr Cəbrayıl şəhəri günü münasibəti ilə bütün Cəbrayıllıları və xalqımızı təbrik edir, Cəbrayılın işğaldan azad edilməsi uğrunda həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. 




Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 

sədri Ziyafət Əsgərov

Xəbəri paylaş: