Azərbaycan daha bir qlobal tədbirə - 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməklə dünyanın diqqət mərkəzindədir. Tədbirə 100-dən artıq ölkədən 5000-dən çox nümayəndə gəlib. Bu, Konqresin əhəmiyyətini və dünyada bu sahəyə olan marağın miqyasını göstərir. Təbii ki, müxtəlif ölkədən bu qədər qonağın Azərbaycana gəlməsi ölkəmizin dünyada daha yaxından tanınmasına, təbliğinə, turizmin inkişafına şərait yaradacaq.
Həmçinin, kosmik sahədə yeni-yeni nailiyyətlərin qazanılmasında, müasir texnologiyaların tətbiqində və inkişafında ölkəmiz üçün rolu böyükdür. Tədbirin ölkəmizdə təşkil olunması həm də gənclərimizin kosmik sahəyə marağının artmasına, onların bu istiqamətdə maariflənməsinə hərtərəfli kömək edəcək. Məlumdur ki, Azərbaycan 2013-cü ildə “Azerspace-1” telekommunikasiya, 2014-ci ildə “Azersky” Yerin məsafədən müşahidəsi, 2018-ci ildə isə “Azerspace-2” telekommunikasiya peykini orbitə çıxarmaqla dünya kosmos ailəsinin üzvünə çevrilib. Bu, ölkəmizin iqtisadi qüdrətinin və yeni texnologiyalar sahəsində əldə olunan uğurlarının davamı kimi, milli təhlükəsizliyimizə, sosial-iqtisadi inkişafa böyük töhfələr verir, bu sahədə elmi tədqiqatların aparılmasına şərait yaradır. Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxış edən dövlətimizin başçısı cənab İlham Əliyev ölkəmizin bütün istiqamətlərdə əldə etdiyi nailiyyətlərdən, siyasi-iqtisadi qüdrətindən, dünyada sülh və təhlükəsizliyə göstərdiyi dəstəkdən, həmçinin kosmik sahənin inkişafına verdiyi töhfələrdən danışaraq ölkəmizin qlobala əhəmiyyətini iştirakçıların diqqətinə çatdırdı: “Həqiqətən də, bu gün Azərbaycanın dünya üçün nə qədər vacib ölkə olduğu göz qabağındadır.
Çox da uzağa getməyək, ölkəmizin enerji siyasətinə nəzər salaq. Artıq bu siyasət ölkəmizin sərhədlərini aşaraq Avropanın içərilərinə qədər irəliləyib və əhəmiyyətli bir missiyanı icra edir. Tədbirdə Prezidentimizin son 20 ildə iqtisadi göstəricilərlə bağlı səsləndirdiyi rəqəmlər isə bir daha sübut etdi ki, Azərbaycan davamlı inkişaf yolu tutub və daim irəli gedir. Siyasi, iqtisadi və sosial sabitlik inkişafımızın mühüm meyarıdır, çünki əgər vəziyyət sabit və proqnozlaşdırılan olmasa, investorların gələrək öz kapitalını risk altına atmasını gözləmək olmaz.”
Milli Məcisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov