Adil Əliyev: “Fransa hələ də kolonial siyasət həyata keçirir”

img

Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə önəmli məsələlərə toxunulub. Dövlət başçısının müraciətində öz əksini tapmış məsələlərin böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, onları bir daha diqqətə çatdırmaq istərdim.


Birincisi, müxtəlif qitələri təmsil edən və ədalət uğrunda mübarizə aparan 14 ölkə təmsilçisinin Bakıya toplaşaraq, kolonializm siyasətini pisləməsi, onun aradan qaldırılması məqsədilə sistemli və ardıcıl iş aparmaq istiqamətində  təşkilatlanması Azərbaycanın Fransaya tutarlı cavabıdır. 


Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi, separatizmə son qoyması Fransadakı müəyyən dairələri qıcıqlandırdığına görə Paris ölkəmizə qarşı saxta ittihamlar irəli sürməkdə davam edir. Biz bunu İkinci Qarabağ müharibəsindən bu yana müşahidə edirik. Ölkəmizə qarşı ədalətsiz yanaşma ortaya qoyan Paris yaxşı olardı ki, Bakı konfransında Fransanın müxtəlif xalqlara qarşı törətdiyi zülmlər barədə söylənilənləri dinləsin. Konfrans iştirakçıları öz çıxışlarında Fransanın XXI əsrdə hələ də kolonial siyasət həyata keçirdiyini bildiriblər.


İkincisi, cənab Prezident İlham Əliyevin müraciətində deyildiyi kimi, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi qəbul edərkən öz prioritet istiqamətlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində qurub. Bandunq Konfransı zamanı müzakirə edilən məsələlərdən biri isə kolonializmə qarşı mübarizədir. Tarixin ironiyasına baxın ki, Azərbaycana dərs keçmək istəyən Fransa kiçik xalqları istismar etməklə yanaşı,  BMT-nin Nizamnaməsinə zidd siyasət yürüdür. Kolonializmə qarşı mübarizədə ön sıralarda qərar tutan Azərbaycan, Fransadan fərqli olaraq, beynəlxalq hüquqa hörmətlə yanaşır. 


Üçüncüsü, cənab Prezident kolonial siyasət yürüdən əsas ölkənin adını qətiyyətlə çəkib: Fransa. “Bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilmişdir” deyən dövlət başçısı, bu ölkənin Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikası ölkələrinin sərvətlərini talan etdiyini bir daha nəzərə çatdırıb. Fransa talançılıqla yanaşı yüz minlərlə dinc insanı soyqırıma məruz qoyub. 


Dördüncüsü, Fransanın 30 il Polineziyada 200-ə yaxın, 6 il ərzində isə Əlcəzairdə 17 nüvə sınağı həyata keçirməsi də bəşəriyyət üçün təhlükə mənbəyinə çevrilib. Çünki nüvə sınaqlarının ağır fəsadları həmin ölkələrdə yaşayan xalqların həyatına mənfi təsir göstərib.  Qeyd etmək lazımdır ki, Əlcəzair xalqı Fransa işğalının və zülmünün bütün ağrı-acısını öz üzərində hiss edib. Belə ki, Fransa Əlcəzairdə 1.5 milyon insanı qətlə yetirib. Fransanın törətdiyi qətliamlarla  Mərakeş, Tunis, Mali, Cibuti, Nigeriya, Çad, Seneqal, Vyetnam, Qəmər adaları kimi dövlətlər də üzləşiblər. Yaxın tarixdə ən böyük soyqırım Ruandada qeydə alınıb və bu ölkədə 1994-cü ildə tutsi qəbiləsinin 800 mindən çox üzvü qətlə yetirilib. Bu qətliamda da Fransanın izi var. 


Beşincisi, Fransa hədəf seçdiyi xalqlara və dövlətlərə qarşı dünyada ən çox minadan istifadə etmiş ölkələrdən biridir. Erməni separatizmi ilə mübarizə aparan Azərbaycan da adı çəkilən bəladan əziyyət çəkir. İkinci Qarabağ müharibəsindən sonra mina partlamaları nəticəsində yüzlərlə vətəndaşımız öz  həyatlarını itirib, xeyli yaralılarımız var. Torpaqlarımızı minalardan təmizləmək üçün uzun illər tələb olunur. Beynəlxalq aləmdə ədalətdən danışan Fransa rəsmiləri və diplomatları mina qurbanları ilə bağlı mövzudan  yayınırlar, çünki bu ölkə özü də dəstək verdiyi erməni separatçıları kimi mina terroru ilə məşğul olur.


Beləliklə, qeyd etmək lazımdır ki, Fransa Azərbaycana “dərs” keçəcək sonuncu ölkədir. Azərbaycan torpaqları uzun illər işğal olunub, xalqımıza qarşı qətliamlar törədilib. Fransa isə ədalətli mövqe ortaya qoymaq əvəzinə, hər zaman zülmkarın, işğalçının və qatilin arxasında dayanaraq, Azərbaycana təzyiq etməyə çalışıb. Fransa özünü Avropanın aparıcı dövləti hesab etsə də, Azərbaycanın gücü, qüdrəti qarşısında acizdir. Çünki haqq-ədalət Azərbaycan tərəfindədir!  

Xəbəri paylaş: